Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” ABŞ-da liderliyini saxlayır


“comScore” tədqiqat şirkəti ABŞ-ın smartfon bazarının vəziyyətini tədqiq edərək orada cüzi dəyişikliklər qeydə alıb. Hesabat fevralda başa çatan üçaylıq müddətin yekunları üzrə tərtib olunub. Bu səbəbdən ekspertlərin qiymətləndirməsində “Samsung Galaxy S5” və “HTC One” (M8) kimi qabaqcıl modellər öz əksini tapmayıb.  

Amerikalılar arasında ən populyar əməliyyat sistemi fevralın sonuna payı 52,1 faiz təşkil edən “Android” olaraq qalır. Üç ay əvvəl bu göstərici 51,9 faizə bərabər olub. Hesabat müddəti ərzində “iOS” əməliyyat sisteminin payı cəmi 0,1 faiz artaraq 41,3 faizə çatıb. Liderlər üçlüyünə ABŞ-da iştirakı 3,4 faiz təşkil edən “Windows Phone” əməliyyat sistemi də daxildir. Bu sistemin 2013-cü ilin sentyabr-noyabrında payı 3,1 faiz olub.

“BlackBerry” mobil biznesin aparılması üzrə yeni strategiyaya baxmayaraq mövqeyini itirməkdə davam edir. Hesabat müddəti ərzində Kanada şirkətinə məxsus əməliyyat sisteminin ABŞ-ın smartfon bazarında payı analitiklər tərəfindən 2,9 faizlə qiymətləndirilib ki, bu da əvvəlki üç ayın göstəricisindən 0,6 faiz azdır.  

Aparıcı smartfon istehsalçıları siyahısında əhəmiyyətli dəyişiklik baş verməyib. “Apple” ABŞ-da smartfon satışlarında 41,3, “Samsung” 27, “LG” 6,8 faizlik paya sahibdir. Ən uğurlu istehsalçılar beşliyinə həmçinin "Motorola” (6,3 faiz) və “HTC” (5,4 faiz) şirkətləri daxildir.

“comScore”un məlumatına görə, ABŞ-da 163,2 milyon insan smartfon istifadəçisidir ki, bu da yerli mobil telefon bazarının ümumi həcminin 68,2 faizi deməkdir, - "3DNews www.3dnews.ru” yazır.




07/04/14    Çap et