Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) istiqaməti üzrə ümumilikdə 40-a yaxın xidmətdən artıq 16 elektron xidmət təşkil edilib. Bu xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib və qısa zaman ərzində 11000-dən çox elektron müraciət daxil olub. 2014-cü ildə daha 15 elektron xidmətin təşkili və vətəndaşlarımızın istifadəsinə verilməsi nəzərdə tutulur.
Bunlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq. Komitədən bildirilib ki, bundan əlavə, bu ilin mart ayının 3-dən etibarən əmlaka dair arayışların verilməsi ilə əlaqədar onlayn xidmətlərin tətbiqinə başlanılıb.
Belə ki, artıq vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (forma-1) almaq üçün ərazi qeydiyyat idarələrinə getmədən notariuslarda onlayn şəkildə əldə edirlər. Arayışların onlayn rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, vaxta böyük qənaət olunmasına səbəb olur: “Eyni zamanda, yaxın gələcəkdə komitə tərəfindən digər onlayn xidmətlər istifadəyə veriləcək. Bunlardan biri təkrar bazarlarda əmlak əldə etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez şəkildə reyestrdə qeydiyyata alması ilə bağlı olacaq. Yeni mexanizmə görə, notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr, ödəniş sənədləri elektron sistem vasitəsilə dərhal ərazi qeydiyyat idarəsinə göndəriləcək, əlavə proseduralar aradan qaldırılacaq, çeviklik təmin ediləcək.
Bundan əlavə, yaxın gələcəkdə vətəndaşlar öz əmlakları barədə zəruri məlumatı internet vasitəsilə də əldə edə biləcəklər. Ümumiyyətlə, qeydiyyat sahəsində xidmətlərin daha rahat, yeni və müasir üsullarla əhaliyə təqdim olunması vətəndaş məmnunluğunu yüksəldəcək. Bütün bu tədbirlərin icrası nəticəsində əmlak əldə etmiş vətəndaşların hüquqlarının qeydiyyatı prosesi daha da sadələşəcək, vətəndaşların sənədləşdirmə prosesinə sərf etdiyi vaxta qənaət olunacaq”.
Həqiqət İSABALAYEVA
07/04/14 Çap et