Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən populyar smartfonların reytinqi açıqlanıb


"Counterpoint Technology Market Research"in analitikləri deyir ki, "Xiaomi"nin məhsulunun yalnız Asiyanın bir neçə ölkəsində təqdim edilməsinə baxmayaraq, Çin şirkətinin smartfonları dünyanın top-10  satış reytinqinə daxildir.
 
Onların qiymətləndirməsinə əsasən, 2014-cü ilin fevralında 330 dollar dəyərində qabaqcıl "Xiaomi MI 3" modeli satış həcminə görə onuncu yerdə qərarlaşıb. 130 dollarlıq "Hongmi" (Red Rice) aparatı ayın ən populyar smartfonları siyahısında 7-ci olub.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Counterpoint"in analitiki Piter Riçardson "Xiaomi"nin uğurunu ilk növbədə şirkət tərəfindən təklif edilən smartfonların ucuz qiyməti ilə izah edir. Məsələn, "iPhone 5c" smartfonu Çində təxminən 720 dollar qiymətinə satılır. Belə yüksək qiymət Çinin bir çox sakinlərini razı salmır, buna görə onlar yerli şirkətin ucuz qurğularına üstünlük verirlər. Başqa ölkələrdə də belə tendensiya müşahidə olunur, ekspert deyib.
2014-cü ilin fevralında ən çox satılan smartfonlara gəlincə, ilk üçlükdə "Apple iPhone 5s", "iPhone 5c" və "Samsung Galaxy S4" modelləri yerləşib. Bundan başqa onluqda, həmçinin "Galaxy Note 3", "iPhone 4s", "Galaxy S4 mini", "Galaxy S3" və "Galaxy S3 mini" yer alıb.
 
"IDC" analitik şirkətinin məlumatına əsasən, 2013-cü ildə smartfon istehsalçıları ümumilikdə 1,004 milyard məhsul buraxıblar ki, bu da  mobil telefon bazarının 55,1 faizi deməkdir. "Samsung" şirkətinin payı 31,3 faiz, "Apple"da isə 15,3 faiz təşkil edir.
 
Emil Hüseynov




07/04/14    Çap et