Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əlvida, “Windows XP!”
“Windows XP” əməliyyat sisteminin (ƏS) dəstəyi dayandırılır: aprelin 8-dən “Microsoft” korporasiyası bu ƏS-dəki boşluqları aradan qaldırmayacaq və hakerlər sözügedən platforma ilə işləyən kompüterlərə daha asanlıqla hücum edə biləcəklər. Ekspertlər əmin edirlər ki, kompüterdəki informasiyanı təhlükəsiz saxlamağın üsulu “Windows” sisteminin yeni versiyasını quraşdırmaqdır.
“Windows XP” əməliyyat sistemi 2001-ci il oktyabrın 25-də buraxılıb və indiyədək dünyanın ən populyar platformalarından biridir: “Windows 7”-dən sonra ikinci yerdə qərarlaşıb. Lakin tezliklə vəziyyət dəyişəcək: artıq aprelin 8-dən “Microsoft” şirkəti “Windows XP” sisteminin rəsmi dəstəyini və xidmət göstərilməsini dayandırır.
Hətta “Avropol” istifadəçilərə “Windows XP”-dən yeni “Windows” versiyasına və ya başqa ƏS-nə keçməyi tövsiyə edib.
"İnsanlar başa düşməlidirlər ki, əgər “Windows XP” ilə işləyən kompüterləri internetə qoşulubsa, o zaman onlar təhlükə ilə üz-üzədirlər, bu, həm sadə vətəndaşlar, həm özəl sektor, həm də hökumətlərə aiddir – “Avropol”dan bildirilib.
“NetMarketShare” analitik şirkətinin hesablamalarına görə, martda masaüstü əməliyyat sistemləri arasında “Windows XP”-nin bazar payı 1,84 faiz azalaraq 27,69% olub.
Bu halda, araşdırmaya əsasən, bir çox istifadəçilər “Windows XP”-dən “Windows 8” deyil, “Windows 7” sisteminə keçməyə üstünlük verirlər.
2014-cü ilin martında sonuncu ƏS-nin payı 1,46 faiz artaraq 48,77 faizə çatıb, "səkkiz"in istifadəçilərinin sayı isə eyni vaxtda yalnız 0,62 faiz artıb.
Analitiklər bildirirlər ki, “Windows 7” platforması “Windows XP”-nin rekordunu (uzunmüddətli) təkrarlamaq şansına malikdir.
Qeyd edək ki, ABŞ-da ən böyük bankomat təchizatçısı “NCR” şirkətinin məlumatına görə “Windows XP” platforması bankomatların 95 faizinə quraşdırılıb.
Emil Hüseynov
07/04/14 Çap et