Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitəçi boksçular 3 ay ərzində 36 medal qazanıblar
“Rabitə” İdman Klubu boksçularının cari ilin yanvar, fevral və mart aylarında göstərdikləri nəticələri açıqlayıb. Klubdan verilən məlumata görə, bu müddət ərzində idmançılar 12-si qızıl, 7-si gümüş və 17-si bürünc olmaqla 36 medala sahib olublar. Belə ki, böyüklər arasında yanvarın 26-dan 31-dək keçirilən Azərbaycan çempionatında 7 medal (1 qızıl, 1 gümüş, 5 bürünc), 24-29 mart tarixlərində Moskvada təşkil olunan beynəlxalq turnirdə 1 medal (bürünc) əldə ediblər.
Boksçular həmçinin yanvarın 9-dan 13-dək gənclər arasında baş tutan Azərbaycan birinciliyində 9 medala (4 qızıl, 2 gümüş, 3 bürünc), 19-23 mart tarixlərində Anapada keçirilən beynəlxalq turnirdə isə 1 medala (bürünc) layiq görülüblər.
Bundan əlavə, fevralın 11-dən 16-dək yeniyetmə boksçular arasında təşkil olunan Azərbaycan birinciliyində 12 medal (5 qızıl, 2 gümüş, 5 bürünc), martın 24-dən 30-dək Qazaxıstanın Aktube şəhərində baş tutan beynəlxalq turnirdə 3 medal (2 qızıl, 1 bürünc) əldə ediblər.
Sadalanan uğurlarla yanaşı, klubun qadın boksçuları martın 5-dən 10-dək Almaniyanın Hamburq şəhərində qadınlar arasında keçirilən beynəlxalq turnirdə 3 medala (2 gümüş, 1 bürünc) sahib olublar.
CAHANGİR
08/04/14 Çap et