Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Enerjini paylaş, telefon xilas et – qanını paylaş, insan yaşat”


8-15 Aprel tarixlərində qanköçürmə aksiyaları keçiriləcək,
enerji ötürən “Nar donor” kabelləri qan donorluğunu simvolizə edəcəklər
 
 “Nar Mobile” mobil operatoru Azərbaycanda qan donorluğunu təşviq etmək məqsədilə “Nar Donor” adlı sosial layihəyə başladığını elan edib.  Belə ki, 8-15 aprel tarixlərində “Nar Mobile” və Mərkəzi Qan Bankı, Bakı şəhərində qanköçürmə aksiyaları  təşkil edəcək . “Android”  əməliyyat sistemli smartfonlarının biri-birinə birbaşa enerji ötürmələrini təmin edən xüsusi kabellər aksiyanı simvolizə edəcəklər.
 
Bu məqsədlə  keçirilmiş mətbuat konfransında çıxış edən “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili layihənin önəmindən bəhs edərək, “Nar Mobile” mobil operatorunun korporativ sosial məsuliyyət strategiyasından danışaraq,  layihənin yeni ictimai fikir formalaşdıracağına ümid etdiyini bildirib.

Jurnalistlərin suallarını cavablandıran Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva isə respublikada qan donoruna ehtiyac duyan yüzlərlə xəstə olduğunu və bu kimi aksiyaların çox gözəl bir presedent təşkil etdiyini vurğulayıb.

Mətbuat konfransında iştirak edən Beynəlxalq Talassemiya Federasiyasının üzvü Nailə Quliyeva da, öz növbəsində, bu kimi xeyriyyə tədbirlərinin beynəlxalq təcrübəsindən söhbət açaraq, “Nar Donor” layihəsinin talassemiya xəstələri və digər qana ehtiyacı olanların şəfa tapmalarına yönəldilmiş misilsiz bir aksiya olduğunu qeyd edib.    
 
Bununla yanaşı, “Enerjini paylaş, telefon xilas et – qanını paylaş, insan yaşat” şüarı altında keçiriləcək aksiyaya ictimai diqqəti cəlb etmək məqsədilə, aprelin 8-də Fəvvarələr meydanı 6 ünvanda yerləşən “Nar dünyası” mağazasının qarşısında gənclərin ifasında möhtəşəm fleşmob aksiyası da keçirildi.

Qan donorluğunu təşviq etmək məqsədilə, tanınmış ictimai simalar “Nar dünyası”  mağazalarına gələrək aksiyaya olan dəstəklərini ifadə etdilər. Layihə çərçivəsində “Nar Mobile” mobil operatorunun satış mərkəzlərindən “Android” smartfonu əldə etmiş bütün şəxslər telefondan telefona enerji ötürən bu simvolik kabeli əldə edə biləcəklər. Qanköçürmə aksiyaları aprelin 8-dən 15-dək Mərkəzi Qan Bankında təşkil ediləcək. 9-11 aprel tarixləri arasında isə saat 14:00-dan 18:00-dək M.Cəfərov 3 ünvanda (“Memar Əcəmi” metro stansiyasının yaxınlığında) yerləşən “Nar Dünyası“ mağazasına gələrək qan vermək mümkün olacaq. 




08/04/14    Çap et