Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bioinformatika sahəsində elmi terminlər üzrə Azərbaycan dilində ilk izahlı lüğət tərtib olunub
Bioinformatika sahəsində elmi terminlər üzrə Azərbaycan dilində ilk izahlı lüğət tərtib olunub. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun alimləri eukariot genomlarının təşkili, ekspressiyası və təkamülünün xüsusiyyətlərinin kompüter analizi sahəsində mühüm tədqiqatlar aparıb, bir sıra bioinformatik analiz vasitələri əldə ediblər.
İşlər institutun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin rəhbəri, AMEA-nın həqiqi üzvü, professor Cəlal Əliyev və Bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru İlham Şahmuradovun rəhbərliyi ilə həyata keçirilib.
Araşdırmalar əsasında fundamental və praktiki əhəmiyyət kəsb edən bir sıra önəmli nəticələr alınıb. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, İ.Şahmuradov Rəyasət Heyətinin iclasında nəticələrə dair məruzə ilə çıxış edib.
O bildirib ki, tədqiqatların sayəsində insan, heyvan və bitki genomlarının fəaliyyətini tənzimləyən bəzi elementlərin axtarışı üzrə yüksək dəqiqliyə malik kompüter proqramları, bitki promotorları üzrə məlumat bazası yaradılıb: “Son 15 ildə biologiyanın inkişafında digər önəmli məqam müxtəlif elm sahələrindən bilik və tədqiqat vasitələri əsasında elmlərarası yeni bir sahənin – inteqrativ biologiyanın formalaşması və sürətlə inkişaf etməsidir. İşlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və bir neçə xarici elm fondunun maliyyə dəstəyi ilə reallaşıb.
Tədqiqatlarda ABŞ, Birləşmiş Krallıq, Pakistan və Səudiyyə Ərəbistanı Krallığının aparıcı elmi mərkəzlərinin alimləri də iştirak ediblər”. Tədqiqatların nəticələri barədə beynəlxalq elmi konfranslarda məruzələrlə çıxışlar edilib, yüksək impaktfaktorlu beynəlxalq elmi jurnallarda məqalələr dərc olunub, məqalələrə yüzlərlə istinadlar qeydə alınıb.
Həqiqət İSABALAYEVA
09/04/14 Çap et