Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri yaradır
Azərbaycan Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) kibertəhlükəsizlik ilə mübarizə üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurur.
ETM-nin rəhbəri Faiq Fərmanovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda mərkəz beynəlxalq “CERT (Computer Emergency Response Team)” təşkilatına əməkdaşlıqla bağlı müraciət edib.
“Yaxın 2-3 ay müddətində “CERT” müraciətə münasibətini bildirəcək və gələcəkdə biz bu təşkilatla kompüter insidentləri ilə mübarizə sahəsində təcrübə mübadiləsi, onların maarifləndirmə və məlumatlandırma sahəsində təcrübəsinin Azərbaycanda tətbiqini təşkil edəcəyik”,- deyə o bildirib.
Bununla yanaşı, Elektron Təhlükəsizlik Mərkəzi “Trusted Introducer” və “FIRST” birlikləri ilə də danışıqlar aparır.
“Trusted Introducer” 2000-ci ildə Avropanın informasiya təhlükəsizliyi insidentləri ilə mübarizə (CERT) komandaları tərəfindən, onların fəaliyyətinin effektivliyini təmin edəcək texniki və informasiya dəstəyini göstərəcək infrastrukturun təşkili üçün yaradılıb.
“FIRST” isə İnformasiya təhlükəsizliyi insidentlərinə reaksiya komandalarının beynəlxalq birliyidir. Hazırda “FIRST”-un Avropa İttifaqı, Asiya-Sakit Okean regionunda, ABŞ-da, Kanadada, Avstraliyada və MDB-də 200-dən çox üzvü mövcuddur.
Aynur Vəliyeva
09/04/14 Çap et