Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvan Muxtar Respublikasının yaşayış məntəqələrinin 94 faizi rəqəmsal yayımla əhatə olunub
Hazırda Naxçıvan Muxtar Respublikasının yaşayış məntəqələrinin 94 faizində sosial paketdə olan 12 televiziya kanalının (NTV, AzTV, İTV, Lider TV, Kanal- 35, Space TV, ANS TV, ATV, Xəzər TV, ATV int (CBS), Mədəniyyət və İdman Azərbaycan) rəqəmsal formatda yayımı təmin edilib.
Muxtar respublikanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bunun üçün 7 güclü və 30 azgüclü televiziya vericisi və rəqəmli TV siqnalları formalaşdıran baş stansiya istifadəyə verilib. Cari ilin iyul ayınadək daha 19 vericinin dağlıq ərazilərdəki yaşayış məntəqələrində qurulması planlaşdırılıb. Bu mərhələ başa çatdıqdan sonra muxtar respublikanın bütün yaşayış məntəqələri yüksək keyfiyyətli rəqəmli televiziya yayımı ilə təmin ediləcək.
Hazırda istifadə olunan analoq televizorların rəqəmsal yayımı qəbul etməsi üçün xüsusi “set-top-box” qurğularını əhalinin asan əldə edə bilməsi məqsədilə nazirlik tərəfindən muxtar respublikanın bütün mərkəzi poçt şöbələrində onların satışı təşkil edilib.
Qeyd edək ki, Naxçıvanda “DVB-T” (Digital Video Broadcasting-Terrestrial - Yerüstü Rəqəmli Video Yayım) standartına uyğun olaraq 2012-ci ilin mart ayından etibarən rəqəmsal yayıma başlanılıb.
Məlumat üçün bildirək ki, rəqəmli televiziyanın yayımının analoq televiziyadan əsas üstünlüyü bir tezlik kanalında 10 və daha çox TV proqramlarının yüksək keyfiyyətlə yayım imkanlarının olmasıdır ki, bu da ölkənin istənilən ərazisində mərkəzdə yayımlanan TV proqramların yüksək keyfiyyətlə qəbul olunmasına imkan yaradır. “DVB-T” standartlı rəqəmli televiziya yayımının digər üstünlükləri təsvir və səs siqnallarının kənar maneələrə qarşı davamlı olması, digər rabitə vasitələri tərəfindən yaradılan maneələrin minimum olması, proqramların sayının xeyli artırılması və vericilərin gücünün daha aşağı olmasıdır.
Xatırladaq ki, “DVB-T” standartını dəstəkləyən televizorlar rəqəmsal yayımı birbaşa qəbul edir və əlavə heç bir qurğuya ehtiyac qalmır. Ona görə muxtar respublika sakinlərinə tövsiyə olunur ki, yeni televizor alarkən onun rəqəmsal yayımı dəstəkləməsinə diqqət yetirsinlər.
CAHANGİR
10/04/14 Çap et