Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçiriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə növbəti dəfə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçiriləcək.
17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiada sayca 9-cudur. Cari ildə olimpiadanın ilk mərhələsinin 13 aprel, növbəti mərhələsinin isə 26 aprel tarixində keçirilməsi planlaşdırılır.
Olimpiadanın 1-ci mərhələsi 13.04.2014-cü il tarixində saat 10:00-da Qafqaz Universitetində keçiriləcək. Final mərhələsinin isə AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi planlaşdırılır. Olimpiadaya gələn komanda üzvləri şəxsiyyət vəsiqəsi və tələbə biletlərini özləri ilə gətirməlidirlər.
Münsiflər Heyətinin tərkibinə Ramin Mahmudzadə (Münsiflər Heyətinin sədri), AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, RYTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev, Təhsil Nazirliyinin Təhsilin İdarə Edilməsinin Məlumat Sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Heydər Əliyev Fondunun İT üzrə eksperti Telman Məmmədov daxildir. Seçmə mərhələsinin tapşırıqlarının istiqamətlərinə gəldikdə, dinamik proqramlaşdırma, qraflar, mətnlə iş, müstəvi üzərində həndəsə mövzularının hər biri üzrə 2 tapşırıq nəzərdə tutulur.
Qeyd edək ki, qeydiyyatdan keçmək üçün müraciət edən komandaların sayı 74, qeydiyyatdan keçən komandaların sayı isə 49-dur. Komandalara “MSU Programmers”, “NoObs”, “BANM2”, “BIG team”, “Tarkus”, “AzTU_1”, “BSU CyberPower”, “AzTU_2”, “AzTU_3”, “BANM1”, “AzTU_4”, “BANM3”, “Excalibur”, “ARK Programmers”, “BSU-NET”, “Qafqaz Programmers”, “Sign-p”, “Cinar”, “Sirius 1”, “Sirius 2”, “Sirius 3”, “Sirius 4”, “Sirius 5”, “Nizami”, “MARS”, “Xemse”, “Kəpəz”, “Spirit”, “Qafqaz Şahinləri”, “BANM4”, “Sirius 7”, “Matrix”, “Qafqaz U 3”, “Qafqaz U 4”, “Qafqaz U 6”, “CyberFoxes”, “Qafqaz U 5”, “NDU”, “Qafqaz U 7”, “Məhsəti”, Qafqaz U 8”, “Qafqaz U 9”, “BANM6”, “BANM5”, “Sirius 6”, “Qafqaz U 10”, “Sirius 8”, “MG”, “Sirius 10” və s. daxildir. Komandalar Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və digər ali təhsil müəssisələrini təmsil edirlər.
Həqiqət İSABALAYEVA
10/04/14 Çap et