Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İstedadlı şagirdlərin LOQO proqramlaşdırma dili üzrə olimpiadaya hazırlığına başlanılıb
Bakı şəhəri 117 saylı tam orta məktəbdə istedadlı şagirdlərin LOQO proqramlaşdırma dili üzrə olimpiadaya hazırlığına başlanılıb. AMEA Kibernetika İnstitutu tərəfindən həyata keçirilən bu işlər çərçivəsində olimpiada hazırlığı üçün məktəbdə dərnək açılıb. Həmçinin bu məktəbdə yeni tədris ilindən “Kompüter elmləri” təmayüllü sinfin yaradılması istiqamətində də işlər aparılır.
Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, ümumilikdə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) institutları tərəfindən regionlarda elmin populyarlığının artırılması, ümumtəhsil məktəbləri, liseylər və ali təhsil ocaqları ixtisaslaşmış olimpiadaların keçirilməsi sahəsində bir sıra işlər görülüb.
Belə ki, AMEA Riyaziyyat və Mexanika İnstitutunda olimpiadaların keçirilməsi üçün mütəxəssislərdən ibarət təşkilat komissiyası yaradılıb. Bakı və Sumqayıt şəhərlərinin bir neçə məktəbində riyaziyyat olimpiadalarının təşkili ilə bağlı Şəhər Təhsil idarələri ilə danışıqlar aparılıb və razılıq əldə edilib. İsmayıllı rayonunun 2 orta məktəbində riyaziyyat olimpiadalarının təşkili ilə bağlı rayon icra hakimiyyətinin başçısı ilə razılıq əldə olunub. AMEA Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası isə Şamaxıda keçirilmiş “Əyləncəli elm” adlı tədbirin təşkilatçısı olub. Tədbir AMEA Şamaxı Astrofizika Rəsədxanasında Şamaxının orta məktəblərinin fizika və kimya ilə maraqlanan şagirdlərinin iştirakı ilə keçirilib. Fizika sahəsinə aid maraqlı təcrübələr institut gənclərinin hazırladıqları əyani vəsaitlərlə nümayiş etdirilib. Tədbir silsilə xarakter daşıdığına görə digər bölgələrə də səfərlər planlaşdırılır.
AMEA Fizika İnstitutunun təşkilatçılığı ilə fizika, riyaziyyat və informatika təmayüllü liseydə X siniflər arasında sınaq olimpiadası keçirilib. Məktəblilər arasında elmə maraq yaratmaq məqsədi ilə təşkil olunmuş olimpiadanın sualları institutun əməkdaşları tərəfindən hazırlanıb. Yüksək nəticə göstərmiş 9 şagird 19 aprel 2014-cü ildə keçiriləcək olimpiadada iştirak edəcək.
Həqiqət İSABALAYEVA
10/04/14 Çap et