Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
TQDK-nın ən çox hansı elektron xidmətlərindən istifadə olunub?
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) göstərdiyi elektron xidmətlərdən bu ilin yanvar, fevral və mart ayları ərzində istifadəyə dair statistikanı açıqlayıb.
“ICTnews” elektron xəbər xidmətinin TQDK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komissiya Azərbaycan Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarına uyğun olaraq vətəndaşlara 12 növ elektron xidmət göstərir.
Bu ilin I rübündə “İnternetdə videomühazirələr” (157064), “Bakalavrların bakalavr pilləsinə qəbul olmaq üçün təqdim etdikləri ərizələrin iş nömrələrinin axtarışı” (125319), “TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı” (92779), “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” (92150), “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” (57217) xidmətləri TQDK-nın ən çox istifadə olunan elektron xidmətlərinin ilk beşliyində yer alıb.
İstifadə sayına görə sonrakı mövqelərdə “Sınaq imtahanına yazılış” (55392), “Namizədlərə onların cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsi” (33976), “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu” (25974), “Onlayn sınaq imtahanının keçirilməsi” (3149), “TQDK-nın yenilikləri barədə SMS məlumatlandırma” (567), TQDK nəşrlərinin və onların elektron versiyalarının onlayn satışı (274) elektron xidmətləri qərar tutub.
Bu müddət ərzində təkcə “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” xidmətindən istifadə qeydə alınmayıb.
Qeyd edək ki, ümumilikdə elektron xidmətlərin istifadəçiləri 643861 əməliyyat həyata keçirib.
CAHANGİR
10/04/14 Çap et