12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür
12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok" kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib.
SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda da bir çox ölkələr tərəfindən bu gün qeyd olunur.
Qeyd edək ki, məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavt Sergey Avdeyevdir. O, açıq fəzada 747 sutka 17 saat keçirib. Bir uçuşun davamiyyətinə görə isə lider, ixtisasca həkim olan Valeri Polyakovdur. O, "Mir" stansiyasında bir ildən çox - 437 sutka 17 saat olub. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır.
Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Onu da bildirək ki, K.Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub.
Bütün kosmonavtlar uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Maraqlı bir fakt kimi qeyd edək ki, həmin dövrdə televiziyada kosmonavtın hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtın üzü görünsə də, məruzə etdiyi şəxsin televiziyada göstərilməsi qadağan idi. Sonralar məlum oldu ki, həmin şəxs məhz K.Kərimovdur.
Azərbaycanda aerokosmik sənayenin yaradılması və bu sahənin inkişafı isə 2008-ci ildə prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamdan sonra başlayıb. Ölkədə fəaliyyət göstərən aerokosmik agentliyin qarşısında duran başlıca vəzifə ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə və inkişafına xidmət edən layihələri icra etməkdir.
2010-cu il mayın 3-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində (indiki Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin) "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. O, Qafqazda əsas peyk operatorudur. ASC-nin əsas fəaliyyəti müştəri tələblərinə cavab verən operator kimi müəyyən edilib. "Azərkosmos" peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətlərinin göstərilməsi və hökumət müştərilərinin yüksək etibarlı rabitə platformaları ilə təmin edilməsi istiqamətində iş aparır.
Ən son texnologiya ilə təchiz edilən "Azərkosmos" yerüstü şəbəkələrin əhatə dairəsinə daxil olmayan peyk əsaslı xidmətlərdən faydalanmaq üçün əhaliyə geniş imkanlar yaradır.
"Azerspace-1" telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları vasitəsilə, dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə bilər. Milli peykimiz Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır.
Azərbaycanın ilk milli süni telekommunikasiya peyki "Azerspace-1" 2012-ci il fevralın 8-də orbitə çıxarılıb. "Azerspace-1" Bakı vaxtı ilə saat 01:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın "Arianespace" şirkətinin "Ariane 5" raket daşıyıcısı vasitəsilə qaldırılıb.
Çəkisi təxminən 3 200 kiloqram təşkil edən "Azerspace-1" Malayziyanın "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə olunan və "Azərkosmos" ASC-yə icarəyə verilən 46° Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşir.
Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti tərəfindən işlənib hazırlanan "STAR-2" platforması əsasında hazırlanıb. Peykin istismar müddəti 15 il təşkil edir.
Aparat Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri, Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərir.
"Azerspace-1" peykinin orbitə buraxılması ilə Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin olunub. Artıq dünya kosmik sənayesinin bir üzvünə çevrilən ölkəmiz kim bilir bəlkə də, yaxın gələcəkdə həm də təcrübəli kosmonavtları ilə tarix yazacaq.
Seymur