Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları” mövzusunda “Bakı Dünya Alimlər Forumu” keçiriləcək
Bakı şəhərində keçiriləcək "Bakı Dünya Alimlər Forumu"nda (Baku World Science Forum) iştirakla bağlı müraciətlərin göndərilməsi üçün son tarix başa çatıb. Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO, Gənc tədqiqatçıların Avropa Şurası "Eurodoc" və Azərbaycan gənc alim, aspirant və magistrlər cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirə 26 may 2014-cü il tarixindən etibarən start veriləcək. 31 may tarixinədək davam edəcək forumun əsas məqsədi dünya gənc alimlərini bir araya gətirərək müxtəlif elmlərin nümayəndələri arasında iş birliyinin yaradılması, mövcud gənc alimlər şəbəkələrinin inkişafına dəstək verilməsidir.
Foruma 100 ölkədən, 200 nəfər yerli iştirakçı da daxil olmaqla 500 nəfərdən artıq iştirakçının qatılacağı gözlənilir. Forumun əsas mövzusu kimi "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" elan edilib. Forum çərçivəsində 5 istiqamət üzrə sessiyalar keçiriləcək.
Buraya Texniki sahələr üzrə "Texniki elmlər müasir innovasiya sistemlərinin əsası kimi", səhiyyə, biologiya və kimya üzrə "Yeni texnologiyaların yaradılması əsasında təbii proseslər", ekologiya, torpaq elmləri və kənd təsərrüfatı "Torpaq, kənd təsərrüfatı və ətraf mühitin öyrənilməsində fənlərarası yanaşma", iqtisadiyyat və sosiologiya "İqtisadiyyat və sosiologiya qlobal inkişafın uğurlu birləşməsi kimi", tarix, fəlsəfə, mədəniyyət üzrə "Müasir dünyada sosial və humanitar elmlərin problemləri" mövzuları daxildir. "Bakı Dünya Alimlər Forumu"nda dünya şöhrətli alim və müxtəlif beynəlxalq mükafatlar laureatlarının çıxışı gözlənilir.
Forumda gənc alim və tədqiqatçılar iştirak edə bilərlər.
Həqiqət İSABALAYEVA
16/04/14 Çap et