Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnqilabi modulyar smartfon rəsmən təqdim edilib
“Google” şirkəti “Ara” modulyar smartfonunun prototipini nümayiş etdirib, baza komponentlərinə malik qurğunun maya dəyərini və onun bazara çıxarılma tarixini açıqlayıb.
“Google” korporasiyası öz qərargahında “Ara” modulyar smartfonunun komponent istehsalçıları üçün birinci konfransını keçirib. Konfransda təxminən 200 insan iştirak edib. Tədbirin aparıcısı qismində layihənin rəhbəri Pol Yeryomenko çıxış edib.
“Ara” – bu, endoskelet adlandırılan karkasdan və dəyişilən modullardan (ekran, yaddaş, batareya, kamera, ötürücü, simsiz rabitə çipi və s.) ibarət modulyar smartfondur.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, modullar istifadəçiyə öz ehtiyacına uyğun smartfon yığmağa imkan verir.
“Google” şirkəti “Ara” modulyar smartfonunun kiçik, orta və böyük ölçülü variantlarını hazırlayır. Ölçüdən asılı olaraq, endoskeletə müxtəlif sayda modullar daxil etmək mümkün olacaq. Tədbirdə “Samsung Galaxy” ölçüsündə orta ölçülü prototip nümayiş etdirilib.
“Ara” modulyar smartfonunun hazırlanması ilə ATAP innovasiya tədqiqatları bölməsi məşğul olur. Sözügedən bölmə “Motorola Mobility” şirkətinə məxsusdur. Bölməyə əvvəllər ABŞ Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (DARPA) direktoru olmuş Recina Duqan rəhbərlik edir.
Emil Hüseynov
16/04/14 Çap et