Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İtaliya səfiri Ciampaolo Kutillonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İtaliya Respublikasının Azərbaycandakı səfiri Ciampaolo Kutillonun başçılığı ilə “Exprivia S.a.P”, “Apulian Aerospace”(Distretto Aerospaziale Pugliese) şirkətlərinin rəhbər şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüş keçirilib.
 
Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov ölkələrimiz arasında səmimi dostluq müstəvisində davam etdirilən münasibətlərin gündən-günə irəlilədiyini qeyd edərək, bu əlaqələrin genişlənməsində İKT sahəsində yaradılan imkanlardan, mövcud potensialdan, perspektiv layihələrdən söz açıb.
 
 
Ölkəmizdə 8 aylıq səfirlik müddətində dövlət başçısı və digər qurumların rəhbərləri ilə görüşlərindən yalnız müsbət təəssüratlar aldığını deyən səfir Kutillo Azərbaycanla İtaliya arasında İKT ilə yanaşı, müxtəlif sənaye istiqamətləri üzrə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
 
Xüsusən alternativ enerji, yüksək texnologiyalar (YT) və digər sahələr üzrə  əməkdaşlıq imkanlarını yüksək qiymətləndirən diplomat İtaliyanın iqtisadi inkişafında əsas xətti təşkil edən qida-moda-dizaynla yanaşı, dövlət büdcəsində YT sahəsindən əldə edilən gəlirin böyük payla xüsusi çəkiyə malik olduğunu vurğulayıb.
 
 
Daha sonra şirkətlərin geniş təqdimatı keçirilib. Qeyd edilib ki, bu gün qlobal məkanda əsas yerlərdən birini tutan “Exprivia S.a.P” şirkəti informasiya texnologiyaları sahəsində proseslərin, texnologiya xidmətlərinin və qərarların konsaltinqi üzrə İtaliya bazarında liderliyə sahibdir. Energetika və yaşayış kommunal xidmətləri, səhiyyə və sağlamlıq, aerokosmik, səs tanınması, informasiya infrastrukturu, informasiya təhlükəsizliyi, bank və maliyyə, dövlət idarəçiliyi, texniki təchizat  və digər sahələrdə öz xidmətlərini təklif edən şirkət daha mürəkkəb ehtiyaclara cavab verən innovasiya qərarları üzərində çalışır. Hazırda latın və ispandilli ölkələrdə fəaliyyətini genişləndirən “Exprivia S.a.P” artıq diqqətini Azərbaycanla əməkdaşlığa yönəltmək niyyətindədir.
 
 
Növbəti təqdimatla kosmik sənayenin inkişafına görə dünyada 7-ci, Avropada 4-cü yeri tutan “Apulian Aerospace” (Distretto Aerospaziale Pugliese) şirkətinin fəaliyyət istiqamətlərindən söz açılıb. “İMT”, “SİTAEL”, “Plantek” kimi müxtəlif istiqamətli kiçik şirkətləri cəmləşdirərək, böyük bir şirkətlər qrupuna çevrilən “Apulian Aerospace”-in Azərbaycanda kosmik sənayenin inkişafına töhfə vermək arzusunda olduğu vurğulanıb.
 
Kosmik sahənin müxtəlif istiqamətləri üzrə əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirən şirkət rəsmiləri xüsusən “Apulian Aerospace”-in Peyk sistemləri üzrə təhsil proqramında azərbaycanlı tələbələrin iştirakının təşkili, onların təcrübə mübadiləsinə qoşulmalarının təmin edilməsi üçün müvafiq şəraitin yaradılmasına, həmçinin kosmik sahədə Azərbaycanın ixtisaslı kadr hazırlığına dəstək verməyə hazır olduqlarını qeyd ediblər.
 
 
Daha sonra fikirlərini bildirən nazir müavini italiyalı şirkətlərin təqdimatında “Azərkosmos” ASC üçün olduqca aktual məsələlərə toxunulduğunu nəzərə alaraq, növbəti görüşün ASC-də keçirilməsini, görüşdə aparılacaq müzakirələrdən sonra müəyyənləşən əməkdaşlıq istiqamətləri üzrə təkliflərin hazırlanması və yenidən bu təkliflər üzərində əməkdaşlığın nəzərdən keçirilməsini məqsədəuyğun saydığını deyib. Bu təklif əsasında italiyalı nümayəndə heyətinin növbəti görüşü “Azərkosmos” ASC-də keçirilib.
 
 
Həqiqət İSABALAYEVA




17/04/14    Çap et