Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Heartbleed” boşluğundan istifadə etmiş ilk haker həbs edilib


Kanada polisi “Openssl” şifrləmə protokolunda “Heartbleed” boşluğundan istifadə etmiş 19 yaşlı kanadalı haker Arturo Solis-Reyesi həbs edib. Bu barədə “Calgary Herald” yazıb.
 
“ICTnews” elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, o, bu boşluq haqqında informasiya yayıldıqdan sonra Kanada Gəlirlər Agentliyinin saytına müdaxilə edib və 900 vergi ödəyicisinin məxfi maliyyə məlumatını ələ keçirib. 5 gün sonra haker Solis-Reyes tutulub. O, hazırda kompüterə icazəsiz giriş və informasiyadan cinayətkar məqsədlərdə istifadə üzrə təqsirli bilinir. İyulun 17-də haker Ottava şəhərində məhkəmədə hakimlərin qarşısına çıxacaq.
 
“Openssl” şifrləmə protokolunda “Heartbleed” boşluğu barədə aprelin 9-da məlum olub. Bu barədə “Google” şirkətinin əməkdaşlarından biri məlumat verib. Hakerlər boşluq sayəsində hesab parollarına, şəxsi məlumatlara, elektron məktublara və bank hesablarına giriş əldə edə bilərlər. Dünyada mövcud serverlərin təxminən 66%-də “Openssl” texnologiyası istifadə olunur, ona görə “Heartbleed” son vaxtlar ən təhlükəli boşluqlardan sayılır. Məsələn, “Twitter”, “Flickr”, “Dropbox Steam”, “Yahoo!” kimi böyük xidmətlər, həmçinin “Microsoft” və “Apple”ın saytları zərbə altına düşə bilərlər.
 
Emil Hüseynov
 
 
 
 




17/04/14    Çap et