Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
TƏKLİF: “23 avqust “İnternet Günü” elan olunsun”
“Yeni Media Jurnalistləri” İctimai Birliyi 23 avqust tarixinin Azərbaycanda “İnternet Günü” elan edilməsi ilə bağlı təşəbbüslə çıxış edib.
Bu barədə təşkilatın sədri Xaqani Səfəroğlu bildirib.
Onun sözlərinə görə, 23 avqust 1993-cü ildə beynəlxalq internet məkanında Azərbaycanın milli domeni olan “.az” domeni istifadəyə verilib.
“Məhz bu gün müstəqil Azərbaycanın beynəlxalq şəbəkəyə daxil olması baxımından əlamətdardır” – deyən YMJ-nin sədrinin sözlərinə görə, ölkədə internet texnologiyalarının vüsəti və yeni medianın təşəkkülü belə bir günün qeyd olunmasını şərtləndirir.
O qeyd edib ki, təqvimdə belə bir günün olması, eyni zamanda, prezident İlham Əliyevin aprelin 2-də imzaladığı "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın da prioritetlərinə öz töhfəsini verəcək:
“Biz bu təkliflə Mətbuat Şurasına müraciət edəcəyik. Mətbuat Şurası tərəfindən 2014-cü il “İnternet media” ili elan olunub. Azərbaycanda belə bir günün qeyd olunması yaxşı olardı. İldə bir dəfə internet məkanında çalışanlar bir araya gəlib öz uğurlarını, problemlərini və əməkdaşlıq perspektivlərini müzakirə edə bilərlər”.
SEYMUR
18/04/14 Çap et