Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın İT şirkəti Qırğızıstanın Dövlət Vergi Xidmətini avtomatlaşdırdı
Qırğızıstanın paytaxtı Bişkekdə Qırğızıstanın Dövlət Vergi Xidmətinin (DVX) avtomatlaşdırılmış sisteminin tətbiqinin nəticələri üzrə beynəlxalq konfrans təşkil edilib. Asiya bankı tərəfindən maliyyələşdirilən bu layihə Azərbaycanın "SİNAM" şirkəti tərəfindən həyata keçirilib.
Qırğızıstanın Dövlət Vergi Xidmətinin rəhbəri Zamirbek Osmanov bildirib ki, sistemin qiyməti 10 milyon ABŞ dolları təşkil edir. Artıq Qırğızıstanın vergi ödəyicilərinin 61%-i sistemin üstünlüklərini müsbət qiymətləndirib. Sistem çərçivəsində "Vahid pəncərə" xidməti, yoxlanışların keçirilməsi, hesab-fakturaların əldə olunması, bəyannamələrin baxılması və s. haqqında izahatlar və məlumatlandırma göstəriciləri üzrə çoxlu sayda müsbət dəyişikliklər tətbiq edilib.
Tədbirdə çıxış edən "SİNAM" şirkətinin prezidenti Elçin Əliyev yeni sistemin strukturu və istifadə edilmiş texnologiyalar haqqında danışıb. O bildirib ki, Qırğızıstanda ilk dəfə olaraq "elektron hökumət" sistemi üçün lazım olan əlaqə mərkəzi, analitik hesabatlılıq altsistemi, elektron imza infrastrukturunun dəstəklənməsi, dövlət təşkilatları, vergi ödəyiciləri və vətəndaşlar üçün elektron xidmətlər kimi bütün komponentləri əhatə edən tam inteqrasiya olunmuş sistem yaradılıb.
Eyni zamanda, funksional prinsipə əsaslanan vergi xidmətinin yeni strukturu hazırlanıb. Bura vergi ödəyicilərilə iş, gəlirlərin uçotu və bəyannamələrin işlənməsi, vergi borcunun alınması, vergi ödəyicilərinin auditi, apelyasiya və s. kimi xidmətlər daxildir.
Konfrans zamanı Qırğızıstanın Dövlət Vergi Xidmətinin rəhbərliyi layihəni müvəffəqiyyətlə icra etdiyinə görə "SİNAM" şirkətinin rəhbərliyinə minnətdarlıq ifadə edib.
Qeyd etmək lazımdır ki, vergi inzibatçılığının təkmilləşdirilməsi bir neçə mərhələdə həyata keçirilib.
Belə ki, avtomatlaşdırılmadan öncə tədris mərkəzi yaradılıb ki, bu da avtomatlaşdırma prosesi zamanı, demək olar ki, hər bir əməkdaşa (2300-dən çox) təlim keçmək imkanını yaradıb. Analitik sistemlərin yaradılması və hesabatlılığın qurulması məqsədilə tətbiq edilmiş həllər bütün təşkilat miqyasında ən yaxşı qərarın qəbul edilməsi üçün tam və vacib məlumatı vaxtında əldə etməyə imkan verən biznes-təhlil üçün nəzərdə tutulan müasir platformanı təmin edir.
Qırğızıstanın vergi xidmətinin informasiyalaşdırılması Asiya İnkişaf Bankının layihəsi çərçivəsində davam etdiriləcək.
Perspektivdə elektron xidmətlərin, vergi hesabatlarının və vergi ödənişlərinin elektron şəkildə təqdim edilməsi, digər qurumların məlumat sistemləri üçün elektron xidmətlər, internet və mobil bankçılıq kimi innovasiyalı vergi ödənişi üsullarının daha da təkmilləşdirilməsi planlaşdırılır.
Gələcəkdə həmçinin risk yönümlü vergi nəzarət sisteminin genişləndirilməsi, vergi daxilolmalarının mərkəzləşdirilmiş avtomatlaşdırılmış uçotu, üçüncü tərəflərlə məlumat mübadiləsinin genişləndirilməsi, Dövlət Vergi Xidmətinin əməkdaşlarının təlimi üçün elektron sistemin tətbiqi və digər bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
21/04/14 Çap et