Rabitə qurğuları dünya mikrosxem bazarının əsas gəlir mənbəyi olacaq
"IC Insights" analitik şirkətinin proqnozuna əsasən, 2014-cü ildə rabitə qurğuları ilk dəfə olaraq mikrosxemlərin istifadə edildiyi ən böyük sahə olmaqla kompüter sistemlərini üstələyəcək.
Ekspertlərin qiymətləndirmələrinə görə, cari ildə dünya inteqral mikrosxem bazarının həcmi təxminən 285,9 milyard dollar təşkil edəcək. Kommunikasiya qurğularının bu il informasiya sistemlərinin ümumi satış həcminin 37,9 faizini təmin etməsi gözlənildiyi halda kompüter sistemlərinin payı 36,3 faiz olacaq. Qalan mədaxili istehlak (11,2 faiz), avtomobil (7,6 faiz) və sənaye elektronikası (6,2 faiz) bazarları, eləcə də dövlət və hərbi sektorlar (0,9 faiz) təmin edəcək.
Qeyd olunur ki, kompüter və kommunikasiya sektorlarının dünya informasiya sistemlərinin satış həcmində birgə payı yaxın bir neçə ildə eyni səviyyədə qalacaq: 2011-2017-ci illərdə bu nisbət 73-75 faiz arasında dəyişəcək. Eyni zamanda informasiya sistemlərinin tətbiq olunduğu sahələrin töhfəsi əhəmiyyətli dərəcədə dəyişəcək: 2011-ci ildə kompüterlər və rabitə qurğularının dünya mikrosxem bazarının ümumi mədaxilində payı 41,1 və 32,1 faiz idisə, 2017-ci ildə kompüterlərin payı 32,7 faizədək azalacaq, rabitə qurğularının payı isə 41,8 faizədək artacaq, - "DailyComm
www.dailycomm.ru" yazır.