Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Pakistan səfiri ilə görüşüb


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayser ilə görüşüb. Ölkələrimiz arasındakı yüksəksəviyyəli əlaqələrdən, o cümlədən rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsindəki inkişafdan söz açan nazir Əli Abbasov ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu və bu əlaqələrin uğurla davam etməsinə qarşılıqlı marağın olduğunu vurğulayıb.
 
 
Nazir, həmçinin rəhbərlik etdiyi sahədə yeni istiqamətlər, o cümədən yüksək texnologiyalar üzrə əlaqələrin inkişafı üçün geniş imkanların, böyük potensialın olduğunu diqqətə çatdırıb.
 
 
İki dost ölkə arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirən Xalid Usman Qayser da yeni əlaqələrin qurulması, qarşılıqlı mütəxəssis hazırlığı və s. istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini vacib sayıb. Pakistanlı diplomat dostluq müstəvisində təməli qoyulan münasibətlərin daha da inkişaf etdirilməsi üçün Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini vurğulayıb.
 
 
Nazir də öz növbəsində, səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.




21/04/14    Çap et