“NETTY 2014” müsabiqəsinə iştirakçıların müraciəti davam edir
“NETTY 2014” Azərbaycan Milli İnternet Mükafatında iştirak etmək üçün ərizələrin qəbulu davam edir. Bu günə kimi 200-dən artıq sayt, layihə və proqram müsabiqədə iştiraka qəbul olunub. Qeyd edək ki, “NETTY”-nin təşkilat komitəsi tərəfindən layihələrin seçim qaydaları sərtləşdirilib.
Belə ki, müəllif hüquqlarını (tərkibində lisenziyalaşdırılmış proqramlar, musiqi, filmlər və s. olan) pozan resursların iştirakı müsabiqədə qadağan edilib. Təşkilatçıların fikrincə, bu addım Milli İnternet seqmentində əqli mülkiyyətə daha hörmətlə yanaşmaq zərurətini vurğulayacaq.
Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu “
www.netty.az” saytında 11 may tarixinədək qəbul edilir. 12 may tarixindən 18 may tarixinədək nominantların müəyyən edilməsi üçün Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçiriləcək.
19 may tarixində Ekspert Şurası və Virtual münsiflər heyəti (şura hər nominasiyada iki nominant seçir, münsiflər heyəti isə hər nominasiyada bir nominant) nominantları seçəcək və qaliblər müəyyənləşəcək.