Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

A.Bayramov: “Bu, Azərbaycanda ilk təcrübədir”


Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) elan etdiyi I qrant müsabiqəsi çərçivəsində E-qrant sisteminin təqdimatı və layihələrin təqdim olunması qaydaları ilə əlaqədar məlumat sessiyası keçirilib.
 
İKT sahəsi üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri iştirak etdiyi sessiyada fondun ekspertləri tərəfindən zəruri məlumatlar iştirakçılara çatdırılıb.
 
Fondun icraçı direktorunun müavini Azər Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, bu, elan olunan ilk qrant müsabiqədir:
 
"Ölkəmizdə çox gənc vardır ki, onların maraqlı ideyaları var, lakin maliyyə vəsaitlərinə ehtiyac duyurlar. Bu müsabiqədə iştirak etməklə, gənclər öz gələcəklərinə investisiya yatırırlar. Ümumiyyətlə, bu, Azərbaycanda ilk təcrübədir ki, sahibkarlara qrant verilir. Qeyd edim ki, layihələr üzrə qrantlar 3 qrupa bölünür. Kiçik qrantlar 10 000-dən 100 000, orta qrantlar 100 000-dən 200 000-ə, böyük qrantlar isə 200 000-dən 300 000 manatdan ibarətdir. Kiçik və orta qrantlar 24 ay, böyük qrantlar isə 36 aya qədər icra olunmalıdırlar".
 
 
A.Bayramov əlavə edib ki, layihələr təqdim olunduqdan sonra fondda ilkin ekspertiza olacaq. Bundan sonra fond müstəqil ekspertlərlə imzaladığı müqavilələrə əsasən, onları bu qiymətləndirmə prosesinə cəlb edəcək: "Qiymətləndirmə prosesi maksimum şəffaf və obyektiv şəkildə həyata keçiriləcək. Mütəxəssislərin rəyi əsasında seçilən layihələr Fondun Müşahidə Şurasına təqdim olunacaq. Artıq burada hansı layihələrin uğur qazandığı müəyyən olunacaq".
 
Seymur




22/04/14    Çap et