Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil danışıq haqlarının ödənilməsi üçün vergi tutulurmu?
Bütün dünyada olduğu kimi, Azərbaycanda da fəaliyyət göstərən şirkət və qurumların rəhbər şəxslərinin mobil danışıqlarını təmin etmək üçün onların bu danışığa xərclədiyi vəsaitlər müəssisə tərəfindən ödənilir. Bir çox hallarda həmin mobil nömrələr də firmanın deyil, işçinin öz adına qeydiyyatdan keçmiş olur. Belə olan halda müəssisə tərəfindən mobil telefonların balansına yüklənən danışıq haqları üzrə xərclər gəlirdən çıxılan xərclərə və muzdlu işlə əlaqədar alınan gəlirə aid edilməlidirmi?
Məsələylə bağlı Vergilər Nazirliyindən bildirilib ki, işçilərin ödənilən mənzil və digər sosial xarakterli xərclərinin Vergi Məcəlləsinin 109.3-cü maddəsinin müddəalarına əsasən gəlirdən çıxılmasına yol verilmir. Həmin xərclərin işçinin muzdlu işlə əlaqədar alınan gəlirinə aid edilib-edilməməsinə gəldikdə isə nazirlik qeyd edir ki, Vergi Məcəlləsinin 98.2.3-cü maddəsinə uyğun olaraq işçinin xərclərinin əvəzi ödənildiyi halda ödənən vəsaitin məbləği işçinin muzdlu işlə əlaqədar alınan gəlirinə aid edilib.
Vergi Məcəlləsinin 98.5-ci maddəsinin müddəalarına uyğun olaraq əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəliri fiziki şəxsin vergi tutulan gəlirinə aid deyildir.
"Xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir" ifadəsindən göründüyü kimi, işəgötürən tərəfindən nağdsız qaydada bank köçürməsi yolu ilə və ya nağd qaydada təhtəlhesab şəxs vasitəsilə əyləncə və yemək xərclərinin, habelə işçilərin sosial xarakterli xərclərinin xidmət göstərən şəxsə ödənilməsi zamanı gəlir vergisi üzrə vergitutma obyekti yaranmr: “Göstərilənlərə əsasən, işəgötürən tərəfindən mənfəət vergisi çıxıldıqdan sonra qalan xalis mənfəət hesabına danışıq kartlarının dəyərinin ödənilməsinə çəkilən xərclərin nəticəsi kimi əldə edilən gəlir işçinin vergi tutulan gəlirinə aid edilmir.
Əks halda, yəni pul vəsaiti həmin xərclərin əvəzinin ödənilməsi üçün işçinin özünə birbaşa verildikdə və ya onun bank hesabına köçürüldükdə bu məbləğ işçinin muzdlu işlə əlaqədar alınan gəlirinə daxil edilərək Vergi Məcəlləsinin 101.1-ci və 150.1-ci maddəsinə uyğun olaraq ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır”.
SEYMUR
23/04/14 Çap et