Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kitabxana innovasiyaları ilə bağlı elmi araşdırmalar başlayır
Prezident yanında Elmin İnkişafı Fondunun və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2-ci İKT müsabiqəsinin (EİF-RYTN-MQM-2/İKT-2-2013-7(13)) qalibi olmuş “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında böyük rol oynayan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlı layihənin yerinə yetirilməsi haqqında Elmin İnkişafı Fondu ilə layihə rəhbəri arasında müqavilə imzalanıb.
Layihə rəhbəri, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Azərbaycanşünaslıq şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərminə Abdullayevanın kitabxana işi sahəsində dünyada baş verən yenilikləri, innovativ dəyişiklikləri, texnoloji innovasiyaları, istifadəçilərin informasiya təminatına yardımçı olacaq yeni xidmət növlərinin araşdırılıb öyrənilməsi, alınmış nəticələri ölkə kitabxanalarının, xüsusilə AMEA Mərkəzi Elmi Kitabxanasının fəaliyyətinə tətbiq etməyin iş prinsiplərinin işlənilməsi məqsədilə keçmiş Sovet respublikaları, Yaxın Şərq və Avropa ölkələrindən birinin elmi kitabxanalarında ezamiyyədə olması nəzərdə tutulur.
MEK-dən bildirilib ki, layihənin icra müddəti 9 aydır. Həmçinin bu müddət ərzində qazanılmış təcrübə əsasında yeni innovativ texnologiyaların ölkə kitabxanalarında tətbiqi mexanizminin işlənib hazırlanması, alınmış elmi nəticələrin “Kitabxana innovatikası” adı altında ümumiləşdirilməsi və nəşri nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
23/04/14 Çap et