Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya “İKT-də Qızlar” Gününü qeyd edir


Üfüqləri genişləndir, münasibətləri dəyiş! Müvəffəqiyyətləri qeyd edək, qızlara ilham verək! Ənənəvi olaraq hər il keçirilən Beynəlxalq "İKT-də Qızlar" Günü 2014-cü ili bu çağırışlarla qeyd edir. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2010-cu ildə qəbul edilmiş qətnaməsi ilə hər il aprel ayının 4-cü həftəsinin 4-cü günü keçirilən bu tarixi gün qadınların İKT sahəsində rolunun artırılmasına dəstək məqsədi daşıyır. Bu il isə dünya ictimaiyyəti tarixi günü aprelin 24-də qeyd edir.
 
 
Beynəlxalq gün indiyə qədər dünyada 70 000 qız və gənc qadının hüquq və imkanlarının genişləndirilməsinə xidmət edib
 
Sürətlə irəliləyən İKT-nin müxtəlif sferalara tətbiqi bu gün birmənalı olaraq insanların rifah halının xeyli yaxşılaşdırılmasına yol açır. Yaradılan bu imkanlardan qadınların kənarda qalmamasına cəhd edən BTİ bütün ölkələrin rabitə, təhsil nazirliklərini, milli qanunvericilik orqanlarını, özəl sektoru, akademik təhsil müəssisələrini, qeyri-dövlət təşkilatlarını beynəlxalq gün münasibəti ilə universitet tələbələrinə, ümumilikdə qızlara ünvanlanmış yerli və ya ümummilli tədbirlərin təşkilinə çağırır. Tapşırıq isə çox sadədir: qızların gələcəyi üçün İKT sektorunda açılan, yaradılan perspektivlərlə onları daha dərindən tanış etmək və bu günün əsl məqsədini anlamaqlarına yardımçı olmaq. Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, indiyə qədər dünyanın 121 ölkəsində təxminən 2700-dən çox belə tədbir təşkil edilib ki, bu tədbirlər də öz növbəsində 70 000 qız və gənc qadının hüquq və imkanlarının genişləndirilməsinə xidmət edib.
 
Beynəlxalq Telekommunikasiya İttifaqından tədbir təşkilatçılarına tövsiyələr
 
BTİ hesab edir ki, "İKT-də Qızlar" Gününün qeyd edilməsi məqsədilə keçirilən tədbirlərdə iştirak bu sektorun imkanları haqqında onların daha geniş məlumatı olmasını təmin edə, biliklərinin artırılmasına imkan yarada bilər. Təşkilat tədbirlərin təşkili ilə bağlı tövsiyələrini də verir. Belə ki, tədbirin təsir gücünü artırmaq üçün canlı nümunə daha yaxşı olardı. Qurumun tövsiyəsinə görə, gənc qızlar İKT sektorunda peşəkar, diqqətçəkən müvəffəqiyyətlərə nail olmuş qadın mütəxəssislərlə daha yaxından tanış olmalı, onların təcrübələrindən bəhrələnməlidirlər. Eyni zamanda bu tarixi gündə qadın işçilərin daha da ilhamlandırılması, ruhlandırılması üçün onların əməyinin qiymətləndirilməsi, mükafatların təqdim edilməsi, həmçinin praktiki məsləhətlərin verilməsi məqsədəuyğundur.
 
Dünya üzrə İKT sahəsində çalışan 7 milyon insanın yalnız 30 faizini qadınlar təşkil edir
 
Avropa İttifaqının (Aİ) Rəqəmli Gündəliyinin məlumatına görə, bu gün dünyada informasiya-kommunikasiya texnologiyaları sahəsində işləyən təxminən 7 milyon insanın yalnız 30 faizini qadınlar təşkil edir. Onlar İKT sektorunun bütün istiqamətlərində, xüsusilə rəhbər vəzifələrdə çox az təmsil olunurlar. Halbuki İKT sektoru hər il təxminən 120 000 yeni iş yeri yaradaraq, sürətlə, artan dinamika ilə inkişaf edir. Aİ hesab edir ki, tələblər və bacarıqlar arasında fərqlər üzündən 2020-ci ildə İKT sahəsində 900 000 ixtisaslı kadr çatışmazlığı meydana gələ bilər.
 
Rəqəmli iş bazarına daha çox qadının cəlbi Avropa Birliyində illik 9 milyard avro həcmində ÜDM yarada bilər
 
Həmçinin Aİ qeyd edir ki, rəqəmli iş bazarına daha çox qadının daxil olmasına imkan yaradılması Avropa Birliyində illik 9 milyard avro həcmində ÜDM-nin yaranmasına təkan verə bilər. Hazırda dünyada İKT sahəsində qadın məzunların sayının azlığı əsas narahatedici məqamlardan biridir ki, onun həlli üçün də siyasətdə xüsusi dəyişiklik tələb olunur. Bu gün hər 1000 qadından yalnız  29 məzun informasiya-kommunikasiya texnologiyaları üzrə ali dərəcəyə malikdir, eyni zamanda hər 1000 qadından yalnız 4-ü fəaliyyətini İKT ilə bağlı davam etdirir. İKT sahəsinə aidiyyəti olmayan 45,2 faiz işçi ilə müqayisədə, sektorda çalışan qadınların yalnız 19,2 faizi rəhbər vəzifələri tuturlar.
 
BTİ-nin Baş katibi: "Qadınların və qızların marağı naminə İKT-nin bütün potensialını işə salmağa hazırıq"
 
Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi HamadunTure müraciətlərinin birində qadınların İKT sektorunda rolunun artırılması zərurətini belə qeyd edir: "Qadınlar cəmiyyətimizin əsasını təşkil edir. Onlar bütün ailə və cəmiyyətlərdə dayaq rolunu oynayır. Lakin bununla belə gender qeyri-bərabərliyi hələ də dərin kök salıb. Qadınlar və qızlar baza səhiyyə və təhsildən yararlana bilmir, eləcə də işdə bərabər imkanlara malik deyillər. Onlar iqtisadi, siyasi və sosial sahələrdə qərarlar qəbul edilən zaman ayrı-seçkiliklə qarşılaşır və tez-tez zorakılıq və təzyiqlərə məruz qalırlar. Belə vəziyyət qəbuledilməzdir və onu ixtiyarımızda olan bütün vasitələrdən istifadə edərək yoluna qoymaq lazımdır. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin bütün təbəqələri, xüsusilə həssas və əlverişsiz şəraitdə olan insan qrupları üçün imkanların yaradılmasında katalizator rolunu oynamaqla uzunmüddətli dayanıqlı inkişafı üzrə bünövrəni təmin edir. Biz qadınların və qızların marağı naminə İKT-nin bütün potensialını gender ayrı-seçkiliyinin aradan qaldırılması və onların məqsəd və arzularına nail olması üçün hüquqlarının genişləndirilməsi vasitəsilə işə salmağa hazırıq".
 
Peşəkar qadınların İKT sektorunun gələcək inkişafında aparıcı rolu qəbul edilməli, dəstəklənməlidir
 
BTİ rəsmisi, həmçinin qeyd edir ki, bu sahənin aparıcı nümayəndələri peşəkar qadınların İKT sektorunun gələcək inkişafında, dinamik və rəqabətli xidmətin göstərilməsində oynaya biləcəkləri aparıcı rolu qəbul etməli və dəstəkləməlidir: "Dünyada İKT sahəsində bir sıra bacarıqlara artan tələbat qızların və qadınların sahədəki yerini layiqincə müəyyən etmək və uğur qazanmaq məqsədilə onların ixtiyarına lazımi alətləri vermək üçün nadir imkandır. Xüsusilə, İKT sektoru peşəkar qadınların qanunvericilik hakimiyyətinin ən yüksək pilləsinə irəliləməsinə yol açmaq və gənc qadınların İKT sektorunda karyeraya başlamaq məqsədilə səy göstərməsinə xidmət etmək üçün vasitə ola bilər".
 
Avropa İttifaqının Rəqəmli Gündəlik üzrə komissarının arzusu
 
Avropa İttifaqının Rəqəmli Gündəlik üzrə komissarı Nelli Krus da vəziyyətin müsbətə doğru dəyişilməsinin arzusundadır: "Mənim devizim, arzum hər kəsin Avropa Gündəliyinə əlçatan olması və mənim hədəfim İKT sahəsinə daha çox qadının cəlb edilməsidir".
Qadınların bu sektora marağını artırmaq və cəlbini sürətləndirmək üçün artıq Avropa Komissiyası mart ayından etibarən kampaniyaya da başlayıb. Kampaniyanın məğzi gənc qadınları və qızları İT sahəsi üzrə təhsil almağa, eyni zamanda bu sahədə iş qurmağa həvəsləndirə biləcək rəqəmli nümunələri axtarıb tapmaq, nümayiş etdirməkdir. Komissiya hər kəsi bu sahədə öz uğur hekayəsini digər şəxslərlə bölüşməyə, həmçinin İKT sahəsinin uğurlu inkişafını əks etdirən yeni videolar yaradaraq paylaşmağa dəvət edir.
 
Azərbaycanda mili kadr hazırlığına dəstək
 
Bəs ölkəmizdə vəziyyət necədir? Azərbaycanda da informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Həmçinin İKT sahəsində milli kadrların hazırlanması məsələsi də daim diqqət mərkəzində saxlanılır ki, bu məqsədlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində "İKT-nin inkişafı naminə insan resursları fondu" yaradılıb. İstedadlı azərbaycanlı gənclərin, o cümlədən qızların dünyanın aparıcı universitetlərində İKT ixtisasları üzrə təhsil almalarına və yüksək texnologiyalar üzrə gənc alim və mütəxəssislərin hazırlanmasına mütəmadi olaraq dəstək verilir. Dövlət proqramlarında İKT və informasiya təhlükəsizliyi sahələrində müasir ixtisaslar üzrə kadr hazırlığı və ixtisasartırma üçün tədbirlərin görülməsi nəzərdə tutulub. Təşviqat işlərinin nəticəsi olaraq artıq İKT-yə aid ixtisas seçən oğlan və qızların sayı artmaqdadır. Eyni zamanda rabitə və İT sahəsində çalışan qadınların əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilir. Bu sahədə fərqlənənlər Azərbaycan Prezidentinin fərmanı  ilə "Əməkdar mühəndis" fəxri adına, "Tərəqqi",  "Dövlət qulluğunda  fərqlənməyə görə" medalları ilə təltif olunurlar.
 
Kompüterlərdən istifadə etmiş işçilərin cins tərkibində qadınların payı 49,6 faiz təşkil edib
 
Bu gün ölkəmizdə bütün müəssisələrdə qadın və kişilərin İKT-dən istifadəsi üçün eyni şərait yaradılır. Dövlət Statistika Komitəsinin (DSK) Azərbaycanda İnformasiya Cəmiyyəti üzrə təqdim etdiyi son statistikaya əsasən, kompüterlərdən istifadə etmiş işçilərin cins tərkibində ölkə üzrə kişilərin sayı 127 391, qadınların sayı 125 552 olub, o cümlədən uyğun olaraq, bu göstərici kişilər üzrə 50,4, qadınlar üzrə 49,6 faiz təşkil edir. Həmçinin kompüterlərdən istifadə etmiş qadınların sayı Bakı şəhəri üzrə 48,0, Gəncə-Qazax iqtisadi rayonu üzrə 59,3, Səki-Zaqatala rayonu üzrə 48,4, Lənkəran iqtisadi rayonu üzrə 38,9, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 53,4, aran iqtisadi rayonu üzrə 48,4, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 35,2, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 44,9, Naxçıvan iqtisadi rayonu üzrə isə 55,1 təşkil edir.
 
Həqiqət İSABALAYEVA




24/04/14    Çap et