Azərbaycan startapçıları “Cisco IoT Innovation Grand Challenge” müsabiqəsində iştirak edə bilərlər
Azərbaycan startapçıları “Cisco IoT Innovation Grand Challenge” beynəlxalq innovasiya müsabiqəsində iştirak edə bilərlər.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müsabiqə öz layihələri üçün sərmayədar axtaran yüksək texnoloji potensiala malik olan startapçılar üçün nəzərdə tutulub. İştirak üçün dünyanın müxtəlif ölkələrindən, o cümlədən MDB məkanından olan innovatorlar və sahibkarlar dəvət ediliblər.
Müsabiqənin üç laureatı “Cisco”dan ümumi məbləği 250 min dollar olan təmənnasız qrantlar alacaqlar. Bu vəsaitlər internet industriyasına əhəmiyyətli töhfə verə biləcək yeni və ya mövcud biznesin işə salınmasına xərclənəcək.
“Cisco” pul mükafatları ilə birgə müsabiqənin qalibləri üçün təlimlər də təşkil edəcək, eləcə də, “Cisco”nun və onun tərəfdaşlarının təcrübəsindən istifadə etmək imkanı təqdim edəcək. Qaliblər, həmçinin yeni texnologiyalar tərtib etmək, testləşdirmək və sınamaq imkanı əldə edəcəklər.
Müsabiqəyə “Əşyaların İnterneti” konsepsiyasına uyğun gələn texnoloji layihələr qəbul edilir. Bu layihələr arasında biznes və son istifadəçilər üçün nəzərdə tutulmuş əlavələrin yaradılması, videoanalitika, qurğuların idarə edilməsi, o cümlədən sensor qurğuların, şəbəkə infrastrukturu, cansız əşyaların bir-birinə internet qoşulma vasitəsi ilə birləşdirilməsi layihələrini qeyd etmək olar.
Müsabiqə üç mərhələdən ibarət olacaq, birinci mərhələ iyulun 1-dək davam edəcək. Bu müddət ərzində iştirak etmək istəyənlər qeydiyyatdan keçərək layihələrini təqdim etməlidirlər və “Cisco” “
https://iotchallenge.cisco.spigit.com/” yerləşdirdiyi suallara cavab verməlidirlər.
Birinci mərhələnin sonunda 19 yarımfinalçı layihə seçiləcək, onlardan 18-ni jüri üzvləri müəyyən edəcək, qalan bir nəfər isə müsabiqənin saytında yerləşdirilmiş səsverməyə əsasən seçiləcək.
Qaydalara görə, daha sonra jüri 6 finalçı layihə seçməlidir. Bu il oktyabr ayının ortasında final mərhələsi keçiriləcək. Qaliblər Çikaqoda keçiriləcək “Ümumdünya Əşyaların İnterneti” forumunda elan ediləcək.
Aynur Vəliyeva