Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ödənişsiz istifadə edilə bilən azərbaycandilli proqram təminatları yaradılacaq


Ödənişsiz istifadə edilə bilən azərbaycandilli proqram təminatlarının hazırlanması və geniş istifadəsi təmin olunacaq.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün milli strategiya”nın  bir istiqamətini təşkil edən “Milli kontentin inkişaf etdirilməsi” çərçivəsində nəzərdə tutulur.
 
Eyni zamanda, milli kontentin zənginləşdirilməsinə xidmət edən internet resurslarının yaradılmasının dəstəklənməsi, Azərbaycan tarixi, vətənpərvərlik mövzuları, ədəbi və mədəni irs üzrə internet resurslarının (rəqəmli arxivlərin) yaradılması və inkişaf etdirilməsi, ümumi inkişaf, təhsil, səhiyyə və digər sahələr üzrə internet resurslarının, məlumat-axtarış sistemlərinin inkişaf etdirilməsi, milli-mədəni nailiyyətlərə, yerli xalqların və milli azlıqların adət-ənənələrinə həsr olunmuş elektron resursların yaradılması və inkişafı, kitabxana, arxiv və muzeylərdə İKT-nin tətbiqinin, elektron kitabxana şəbəkəsinin genişləndirilməsi görüləcək işlərə daxildir.
 
Bundan əlavə, gələcək nəsillər naminə mədəni irsin qorunması və rəqəmləşdirmə prosesinin sürətləndirilməsi, məkan məlumatları infrastrukturunun qurulması, o cümlədən müxtəlif təyinatlı coğrafi informasiya və naviqasiya resurslarının yaradılması, onlayn medianın inkişaf etdirilməsi, yeni media vasitələrindən səmərəli istifadəyə dair tədbirlərin görülməsi milli kontentin inkişafını təmin edəcək.
 
CAHANGİR




25/04/14    Çap et