Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Watson” superkompüteri satıcı-konsultant rolunda


“IBM” korporasiyasına məxsus “Watson” superkompüteri artıq dəfələrlə ən müxtəlif rollarda (həkim, iqtisadçı və aşpaz) sınanılıb. Bu dəfə superkompüter satıcı-konsultant peşəsini öyrənməlidir.
 
“IBM” onlayn ticarətlə məşğul olan “Fluid” şirkəti ilə müqavilə bağlayıb və “Expert Personal Shopper” (XPS) “bulud” proqramını yaratmağı planlaşdırır. Sözügedən proqram internet-mağaza müştərilərinin suallarına cavab vermək üçün “Watson” superkompüterinin imkanlarından istifadə edəcək.
 
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, unikal eksperimental proqrama daxil ediləcək birinci mağaza idman və turizm geyiminin ticarəti ilə məşğul olan “The North Face” şirkəti olacaq. Məhz bu internet-mağazanın müştərilərinin bütün suallarını  konsultantın əvəzinə superkompüter cavablandıracaq.
 
Hələ ki “XPS” xidmətinin istifadə tarixi açıqlanmayıb, amma “IBM” artıq “Fluid” şirkətinə 100 milyon dollar sərmayə yatırıb ki, sonuncu lazımi proqram təminatının hazırlanmasını maksimal dərəcədə sürətləndirsin və layihəni mümkün qədər tez bitirsin.
 
Emil Hüseynov
 
 




25/04/14    Çap et