Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Braziliya internet istifadəçilərinin hüquqlarının qorunması haqqında qanun qəbul edib


Braziliya Prezidenti Dilma Rusef İnternet haqqında "Marco Civil bill" adlanan qanun imzalayıb.   
Qanun internet istifadəçiləri və provayderlərinin hüquqlarını qorumaq, şəbəkə neytrallığı prinsiplərini təmin etmək və açıq hökumətin inkişafına zəmin yaratmaq məqsədi daşıyır. Sənədlə internet şirkətlərinin toplaya və saxlaya bildikləri istifadəçi məlumatlarının kateqoriyası məhdudlaşır.    

Əksər beynəlxalq internet mütəxəssisləri Braziliyanın qəbul etdiyi qanuna dəstək nümayiş etdirib. "Ümumdünya Hörümçək Toru"nun (WWW) müəllifi Tim Berners-Li qeyd edib ki, bu sənəd beynəlxalq şəbəkə tənzimlənməsi üçün əsas ola bilər.  

"Ümid edirəm ki, Braziliya bu qanunu qəbul etməklə dünyada demokratiya və sosial tərəqqi lideri kimi özünü sübut edəcək və dünyanın hər bir ölkəsində vətəndaş hüquqlarının rəqəmli hüquqlarla qorunduğu yeni dövrün başlanğıcına öz töhfəsini verəcək", - Berners-Li bildirib.

Qeyd edək ki, qanunun məzmunu ilə bağlı mübahisələr dörd ildən çox davam edib. Sənəd üzərində iş 2009-cu ildən Braziliya Ədliyyə Nazirliyi və Hüquq Universiteti nəzdindəki Texnologiya və Cəmiyyət Mərkəzi tərəfindən aparılıb. 2011-ci ildə qanun layihəsi hökumət və prezident tərəfindən təsdiq edilsə də, Milli Konqres son nəticədə onu qəbul etməyib.


ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden internet istifadəçilərinin Milli Təhlükəsizlik Agentliyi tərəfindən izlənməsi ilə bağlı açıqlamalar verdikdən sonra Prezident Dilma Rusef qanunu Braziliya hökuməti üçün prioritet elan edib. Prezident hökuməti qanunu tezliklə qəbul etməyə çağırsa da, proses yenidən yarım ildən çox yubadılıb.


Bu, qismən onunla əlaqədar idi ki, prezident təkid edirdi ki, qanun xarici şirkətlər qarşısına Braziliya istifadəçilərinin bütün məlumatlarının ölkə ərazisində fəaliyyət göstərən serverlərdə saxlanmasına öhdəlik qoysun. İnternet sənayesi bu təşəbbüsə qarşı kəskin etirazını bildirdiyindən hökumət ondan imtina etməli olub, - "theRunet www.therunet.com" yazır.     

 




25/04/14    Çap et