Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kamran İmanov: “Əqli mülkiyyət qüdrətli iqtisadi alətə çevriləcək”
Azərbaycan Müəllif Hüquqları Agentliyi müəyyən mənada rəqəmli inteqratora çevriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, agentliyin sədri Kamran İmanov bildirib ki, əqli mülkiyyətin bugünkü fəaliyyət konteksti onun ilkin fəaliyyət istiqamətindən qəti surətdə fərqlənir.
“Hazırda müşahidə olunan investisiya qoyuluşunun artması əqli mülkiyyətin bütün növlərinə - kəşflərə, elmi tədqiqatlara, patentlərə, müəlliflik hüququna geniş imkanlar yaradır. Bu sahələrə böyük investisiyaların qoyulması nəzərdə tutulur və elmi tutarlı məhsulların yeni texnologiyaları mənimsəməsi, innovasiyaların istifadəsi yeni yanaşmalar tələb edəcək. 2020-ci ilədək təhsil, elm və müəssisələr arasında yeni əlaqələrin qurulması, hətta müəssisələrin əqli mülkiyyət strategiyalarının yaradılmasını təmin edəcək məsələlər çox aktual olacaq”, - deyə o bildirib.
K. İmanovun sözlərinə əsasən, əqli mülkiyyətin qüdrətli iqtisadi alətə çevrilməsi ilə bağlı müəlliflik hüququna və əlaqəli hüquqlara əsaslanan (kreativ) sənayenin, Əqli Mülkiyyət üzrə Milli Strategiyanın yaranması, İKT və əqli mülkiyyət cütlüyünün təsirini nəzərə alaraq onlayn rejimdə rəqəmli hüquqların idarə edilməsi sistemlərinin yaranması, açıq təhsil resursları və s. daxildir.
“Azərbaycanın mədəni irsinin qorunmasını təmin etmək məqsədi ilə bir sıra tədbirlərin görülməsi, bütün əqli mülkiyyət, mədəni irs nümunələrinin rəqəmləşdirilməsi nəzərdə tutulur. Müəllif Hüquqları Agentliyi də müəyyən mənada rəqəm inteqratoruna çevriləcək, yəni onun daşıyıcısı olacaq”,- deyə o qeyd edib.
Aynur Vəliyeva
26/04/14 Çap et