İri şirkətdə çalışanlar korporativ məlumatlı mobil qurğuları parolla mühafizə etmir
ABŞ-da “Osterman Research” analitikləri tərəfindən “Centrify Corporation” şirkətinin sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, iri şirkətlərdə çalışan əməkdaşların 15 faizi hesab edir ki, onlar şəxsi qurğularında olan korporativ məlumatların mühafizəsi ilə bağlı heç bir məsuliyyət daşımırlar. Rəyi soruşulanların 10 faizi indiyədək qurğularını nə parol, nə də PİN-kodla mühafizə edir. Sorğu təşkilatçıları şirkətlər üçün bunun çox təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Əməkdaşların yalnız 44 faizi istifadədə olan qurğularda korporativ məlumatların mühafizəsinə gündəlik diqqət yetirir. Rəyi soruşulanların təxminən 10 faizi bu barədə yalnız ildə bir dəfə fikirləşdiyini etiraf edib. Mütəxəssislər qeyd edirlər ki, şirkətlər əməkdaşları mobil qurğuların təhlükəsizliyinin təmin edilməsi üsullarının öyrədilməsi ilə yanaşı, bu problemin həlli üçün texniki vasitələr də axtarmalıdırlar.
Həmçinin respondentlərin 45 faizinin qurğusunda altıdan çox kənar əlavənin olması, 15 faizinin parol və ya fərdi məlumatların oğurlanması halları ilə üzləşməsi, 43 faizinin aeroport və ya kafedə ümumi istifadədə olan təhlükəsiz şəbəkəyə qoşulmaqla korporativ məlumatlarla işləməsi müəyyən edilib, - "Computerworld
www.osp.ru” yazır.