Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Xorvatiya Respublikasının sabiq prezidenti Stepan Mesiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Ölkələrimiz arasında qurulan münasibətlərin qarşılıqlı dost və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdıran rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov əlaqələrin dinamik şəkildə inkişaf etdiyini qeyd edib.
 
Qonaqları RYTN-in fəaliyyət istiqamətləri ilə də tanış edən nazir buraya telekommunikasiya, poçt, radio-TV yayımı, radiotezliklərin idarəedilməsi, internet, elektron xidmətlərin təşkili, kosmik sənaye, yüksək texnologiyalar, o cümlədən bio və nanotexnologiyalar, mikroelektronika sahələrinin daxil olduğunu, həmçinin, Azərbaycanın gələcək inkişaf strategiyasında İKT-nin yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi önə çəkildiyini, sahənin hərtərəfli inkişafına nail olunması üçün müvafiq hədəflərin yer aldığı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın qəbul edildiyini nəzərə çatdırıb. İnnovativ, rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının formalaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi investisiya siyasətindən də danışan nazir bu imkanların xorvat şirkətləri üçün də açıq olduğunu  qeyd edib.
 
Azərbaycanla Xorvatiya arasında bütün səviyyələrdə isti münasibətlərin formalaşdığını deyən Stepan Mesiç ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayaraq, bu əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib. Münasibətlərin dinamik inkişafı və daha da gücləndirilməsində qarşılıqlı marağın olduğunu deyən sabiq prezident bu baxımdan Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinin əhəmiyyətini qeyd edib.
 
Daha sonra Xorvatiya nümayəndə heyətinin tərkibində təmsil olunan “İnfoCumulus”-un ölkəmizdə öz nümayəndəliyini açmaq, biznes-konsaltinq, “bulud” texnologiyalarının tətbiqi kimi müxtəlif  İT həlləri və xidmətləri təqdim etmək niyyətində olduğu vurğulanıb, eyni zamanda Xorvatiyada poçt dövriyyəsinin avtomatlaşdırılması layihəsinin əsas icraçısı olan “ALFATEC Group” poçt sistemində həyata keçirdiyi layihələrlə tanışlıq üçün Azərbaycan tərəfini öz ölkəsinə dəvət edib.




29/04/14    Çap et