Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sürətlə yayılan mobil texnologiyalar insanların həyatında köklü dəyişikliklər yaradır”


Bütün dünya üçün əhəmiyyət kəsb edən "İnsan potensialının inkişafı üçün yeni paradiqmalar" mövzusunda toplantı keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Dünya Elm və İncəsənət Akademiyası tərəfindən reallaşdırılan və eləcə də bəşəriyyətin inkişaf paradiqmalarında baş verən dəyişikliklər, yeni təkamül modellərinin yaranması, bəşəriyyətin qarşılaşdığı mürəkkəb məsələlərin həlli yolları, iqlim dəyişikliklərinin həyata təsiri məsələlərinin müzakirə olunduğu tədbirdə Dünya Elm və İncəsənət Akademiyasının fəxri prezidenti İvo Şlaus bildirib ki, qaldırılan mövzu insanlıq üçün olduqca böyük əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, paradiqmalarda baş verən dəyişikliklər məsələsi bəşəriyyətin bundan sonra hansı istiqamətdə irəliləyəcəyini üzə çıxarmaq üçün vacibdir.
 
 
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin müasir dövrün ən böyük dəyişikliyinin internet texnologiyalarının meydana çıxması olduğunu deyərək bildirib ki, hazırda sürətlə yayılan mobil texnologiyalar insanların həyatında köklü dəyişikliklər yaradır, sərhədləri yox edir. Eyni zamanda, insanların həyatında, yaşam tərzində də dəyişikliklər baş verir. Müasir texnologiyalar yeniliklər təqdim etsə də, bəşəriyyətdə hələ də böyük problemlər mövcud olaraq qalır.
 
 
Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa dəyişikliklər paradiqmasından danışarkən qeyd edib ki, bəşəriyyətin inkişafında həm sıçrayışlar, həm də təkamül yolu ilə baş verən inkişaf modelləri mövcud olub. Hazırda yeni paradiqmaların yaranmasında müəyyən ləngimələrin olduğunu deyən sabiq prezident vurğulayıb ki, elmin imkanları məhdud deyil və yeni paradiqmalar meydana çıxdıqda onun hüdudlarının nə qədər geniş olduğunu görə bilərik.
 
Seymur




30/04/14    Çap et