Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hansı poçt markalarını ölkədən çıxarmaq olmaz?


Azərbaycan Milli Kitabxanasının nəzdində çap məhsullarının, kitabların və əlyazmaların bədii və elmi dəyərinin müəyyənləşdirilməsi, xüsusi bədii ekspertiza keçirilməsi, mühafızə şəhadətnaməsinin verilməsi üzrə Ekspert Komissiyası fəaliyyət göstərir.
 
Çap məhsullarının, kitabların və əlyazmaların ekspertizasının keçirilməsi, tarixi, bədii, elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə (icazə sənədi) verilməsi üzrə Ekspert Komissiyasının Əsasnaməsi və tərkibi təsdiq edilib.
 
Əsasnaməyə əsasən, qədim əlyazmalar, qiymətli metallardan (qızıl, gümüş, platin) və nadir materiallardan (fil sümüyü, dəri, perqament və s.) cildlənmiş və haşiyələnmiş nəşrlər və çap məhsulları, 1920-ci ilədək çap olunmuş kitablar, kitabçalar, xəritələr, digər nəşrlər və çap məhsulları (nəşr yerindən asılı olmayaraq), Azərbaycan Respublikasının Milli mədəniyyət əmlakının Dövlət Reyestrinə daxil edilmiş nəşrlər və çap məhsulları, 1960-cı ilədək Azərbaycan ərazisində çap olunan və ölkə çap məhsullarının arxiv fondunda olmayan, titulu, 3-cü və 17-ci səhifələri qəsdən ləğv edilmiş nəşrlər və çap məhsullarının ölkədən çıxarılmasına icazə verilmir.
Azərbaycan Respublikasından çıxarılmasına izin verilməyən bu nəşr və çap məhsullarının sırasına poçt markaları da daxildir. Bu haqda “Rabitə dünyası”na Azərbaycan Filatelistlər İttifaqı (AFİ) Rəyasət Heyətinin sədr müavini, “Num.az” MMC-nin direktoru, Azərbaycan Milli Kitabxanasının nəzdində Ekspert Komissiyasının üzvü, respublikanın əməkdar mühəndisi Rövşən Əhmədov məlumat verib. Komissiya üzvü bu sıraya aid olan poçt markalarından da söz açıb:
 
“Azərbaycan Milli Kitabxanasının nəzdində Ekspert Komissiyası respublikadan çıxarılan qiymətli abidələr, qədim, nadir kitab, xəritə, poçt markaları, kağız məmulatlarının ekspertizası əsasında yekun qərar qəbul edir. Ölkədən çıxarılan poçt markaları ilə bağlı rəy veririk. Təbii ki, imtina hallarına da rast gəlinir. Ümumiyyətlə, burada inqilabdan əvvəlki və 1940-cı illərə qədərki  dövrdə buraxılan poçt markalarından söhbət gedir.
 
 19-cu əsr-20-ci əsrin 40-cı illərinə qədər olan müddətdə dövriyyəyə buraxılan markaların icazəsiz ölkədən çıxarılması yasaqdır. Azərbaycan İctimai Şura Cümhuriyyəti zamanı çap edilən markaları aparmaq olmaz. Çox nadir olan bu poçt markaları bizim tarixə, mədəniyyətə mənsub olduğu üçün burada qalmalıdır. Yaxud Rusiya İmperiyasının inqilabdan əvvəl buraxdığı çox gözəl, bahalı markaları var. Bu dəyərli markalardan bizim dövlət yararlana bilər.
 
Onları  ölkədən çıxarmaq olmaz”. Ekspert qeyd edir ki, yalnız mədəniyyətimizə, tariximizə, dövlətimizə aidiyyəti olmayan poçt markalarını ölkədən çıxarmaq mümkündür: “Amma keyfiyyəti çox pis olan qədim markaların aparılmasına da biz icazə veririk. Ekspert Komissiyasında ilk növbədə keyfiyyət, mənsubiyyət, əhəmiyyət kimi məsələlər müzakirə olunur, yeganə rəy verilir”.
Qeyd edək ki, çap məhsullarının, kitabların və əlyazmaların respublikadan çıxarılmasına icazə almaq üçün fiziki və ya hüquqı şəxs Komissiyaya ərizə ilə müraciət edir. Ərizəyə ölkədən çıxarılması nəzərdə tutulan nəşrlərin və materialların siyahısı 3 nüsxədə əlavə olunmalıdır.
 
Siyahıda nəşrin müəllifi, sərlövhəsi, nəşr yeri və ili, səhifələrin miqdarı, şəkil, çertyoj və sxemlərin olub-olmaması mütləq göstərilməlidir. Ekspertizanın nəticələri əşyanın Azərbaycan Respublikasından çıxarılmasına icazə verilib-verilməməsi üçün əsasdır və icazə verilmədiyi halda vətəndaşa müraciət əsasında bu barədə arayış verilir. Respublikadan çıxarılmasına icazə verilmış çap məhsullarına, kitaba və əlyazmaya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilən forma üzrə nömrələnmiş ciddi hesabat blankı olan  şəhadətnamə (icazə sənədi) verilir. Respublikadan çıxarılan çap məhsullarının və nəşrlərin şəhadətnamələrinin (icazə sənədi) və siyahılarının bir nüsxəsi komissiyada qalır, iki nüsxəsi ərizəçiyə verilir: bir nüsxəsi gömrük orqanlarına təqdim olunmaq, digəri ərizəçidə qalmaq üçün.
 
Ekspertizanın keçirilməsi müqabilində fiziki və ya hüquqi şəxs Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış qiymət cədvəli əsasında nağd yaxud hesaba pulköçürmə yolu ilə müəyyən məbləğ ödəməlidir.
 
 
Həqiqət İSABALAYEVA




01/05/14    Çap et