Kibermüharibələr Avropa İttifaqı iqtisadiyyatını zəiflədə bilər
Avropa kibermüharibələrin onun iqtisadiyyatını dağıda bilməsindən ehtiyat edir. Bu barədə Avropa İttifaqının “Avropol” Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) rəhbəri Trols Ortinq deyib. Onun sözlərinə görə, əsas təhlükə düşmən niyyətli hökumətlərin sifarişini yerinə yetirən hakerlərdən gəlir.
“Biz dövlət səviyyəsində maliyyələşdirilən haker fəaliyyəti ilə üzləşirik və sirr deyil ki, bu fəaliyyət kibermüharibələrlə nəticələnə bilər”, - T.Ortinq Londonda Avropa informasiya mühafizəsi konfransında deyib.
ABŞ-ın “Verizon” rabitə operatorunun hesabatına əsasən, kibercasusluqla (məxfi informasiyaya çıxışa əldə etməyə səy göstərmək) bağlı insidentlərin sayı ötən il üç dəfə artaraq 511-ə çatıb. Bu göstəricidə əsas artım Cənub-Şərqi Asiyada qeydə alınıb.
Aİ təmsilçisi bildirib ki, bu gün informasiya oğurluğuna böyük tələbat var. Onun fikrincə, vəziyyət o qədər ciddidir ki, Avropanın iqtisadiyyatının bərpasını yubada bilər.
Aİ problemə çox ciddi yanaşır. Bir neçə gün əvvəl Şəbəkə və İnformasiya Təhlükəsizliyi Agentliyi (ENISA) geniş stress sınaqlar keçirərək Avropanın miqyaslı haker hücumlarına hazırlığını yoxlayıb.
Sahə üzrə tənzimləyici orqanlar diqqəti iştirakçılara qanunsuz sövdələşmələr həyata keçirməklə anonim qalmağa imkan verən “kölgəli şəbəkə”yə (dark web) yönəldirlər.
Xatırladaq ki, bir müddət əvvəl bu sahədə "Silk Road” saytı və “Bitcoin” kriptovalyutası ətrafında qalmaqal baş verib.
T.Ortinq hesab edir ki, “kölgəli şəbəkə”yə hələ də xüsusi xidmət orqanları nəzarət edə bilmir və onlar uğurla fəaliyyətini davam etdirirlər.
“Hüquq-mühafizə orqanları üçün “kölgəli şəbəkə”yə daxil olmaq çox çətin və qeyri-mümkün bir işə çevrilib”, - o qeyd edib. “EC3” rəhbəri həmçinin terrorçu təşkilatların şəbəkədən terror aktlarının planlaşdırılması üçün istifadəyə marağını qeyd edərək internetdə qeyri-qanuni fəaliyyətə qarşı geniş mübarizəyə hazırlaşmağı tövsiyə edib, - “Vesti
www.vesti.ru” yazır.