Sistem inzibatçılarının 79 faizi stressə görə işini tərk etmək istəyir
ABŞ-ın “GFI Software” korporativ proqram təminatı tərtibatçısı üçüncü illik “IT Admin Stress Survey” sorğusunun nəticələrini açıqlayıb.
Nəticələrə görə, əksər sistem inzibatçıları böyük stress səbəbindən tez-tez işi tərk etmək barədə düşünürlər. Bu vəzifənin iqtisadi baxımından üstünlüklərə malik olmasına baxmayaraq işini tərk etmək mərhələsində olan informasiya texnologiyaları (İT) əməkdaşlarının sayı hazırda ötənilki 57 faizdən 79 faizədək artıb. Anonim sorğu ştat vahidi on nəfərdən ibarət olan şirkətlərin 200 sistem inzibatçısı arasında keçirilib.
Araşdırma zamanı məlum olub ki, iş yükünün çox olması səbəbindən sistem inzibatçılarının 38 faizi praktiki olaraq sosial həyatdan tam məhrumdur – məsələn, dostlarla normal ünsiyyət saxlamaq və qızlarla tanışlıq üçün vaxtları yoxdur. Rəyi soruşulan sistem inzibatçılarının 38 faizi işə görə ailə həyatı üçün vaxt çatışmazlığının olduğunu deyib. Həmçinin hər üç nəfərdən biri yuxusuzluqdan əziyyət çəkir, eləcə də hər dörd nəfərdən biri stresslə əlaqədar xəstəliklərə tutulduğunu, 17 faiz öz fiziki vəziyyətindən narazılığını bildirib.
Sistem inzibatçılarının 24 faizində işə görə romantik münasibətlərin pozulması və ya pisləşməsi qeydə alınıb.
Sorğuda respondentlərdən onların işdəki stressinin ailənin digər üzvlərinin stressi ilə müqayisə olunması xahiş edilib. Sistem inzibatçılarının 30 faizi bildirib ki, onların işi bütün qohumların işi arasında ən çətinidir.
Stressin səbəbləri haqqında danışan sistem inzibatçıları düzgün olmayan idarəçiliyi (36 faiz), eləcə də büdcə və iş heyəti (34 faiz) çatışmazlığını qeyd ediblər. Orta hesabla hər sistem inzibatçısı həftədə iş qrafikindən 8,5 saat artıq çalışır, 23 faizi 8-12 saat normadan artıq işləyərək buna görə əməkhaqqı almır, - “Xaker
www.xakep.ru” yazır.