BƏƏ-də çimərlikdə dincələnlər üçün kitabxana açılıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əksər sakinləri və qonaqları vaxtlarının çox hissəsini çimərlikdə keçirir. Buna görə yerli hakimiyyət bu növ istirahətin intellektual inkişafa xidmət etmədiyindən İran körfəzi sahilində kütləvi kitabxanalar açmaq qərarına gəlib. Belə ki, “National” qəzetinin məlumatına görə, günəş və qum həvəskarları bundan sonra kitablarını evdə unutduqlarına görə narahat olmaya bilərlər, çünki hazırda onlara xüsusi çimərlik kitabxanaları xidmət göstərir.
Hamının oxucu abunəçisi olması üçün imkanın yaradıldığı ilk belə kitabxana paytaxt Əbu-Dabinin mərkəzində yerləşən ailəvi çimərlikdə açılıb. Kitabxana rəflərində xüsusi yeri BƏƏ-nin tarix və mədəniyyətinə aid kitablar, avtobioqrafik nəşrlər, fotoşəkilli albomlar tutur, eləcə də dünya ədəbiyyatının ən yaxşı nümunələri, uşaqlar üçün kitablar yer alıb. Bundan başqa, oxuculara ən müasir kompüter və planşetlərdən istifadə üçün şərait yaradılıb.
“Rəyi soruşulanların 90 faizi belə kitabxanaların yaradılması ideyasını dəstəkləyib. Kitabxananın yerində əvvəllər mağaza olub ki, onların da sayı ölkədə milyonlarcadır. İndi insanlar günəş altında qaralmaqla yanaşı, kitab da oxuyacaqlar”, - qəzetə müsahibədə Əbu-Dabi bələdiyyəsinin nümayəndəsi Adil əl-Rabia deyib.
Qəzetin məlumatına görə, BƏƏ hakimiyyəti bu kitabxanaların böyük şəbəkəsini yaratmağı nəzərdə tutur. “Hamı informasiyaya çıxış imkanı əldə etməli və istənilən vaxtda və istənilən yerdə öz biliyini artırmaq imkanına malik olmalıdır. Biz müasir informasiya cəmiyyətini inkişaf etdiririk və hər yerdə təhsil mərkəzləri açacağıq”, - BƏƏ mədəniyyət naziri şeyx Nəhyan bin Mübarək əl-Nəhyan qeyd edib, - “İTAR-TASS
www.itar-tass.com” yazır.