Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda rabitə xidmətlərinin keyfiyyəti yoxlanılacaq


"Yaxın vaxtlarda Azərbaycanda ümumilikdə rabitə xidmətlərinin keyfiyyəti xüsusi standartlarla yoxlanılacaq. Yoxlama prosesi 1-2 ay davam edəcək. Onun nəticələrindən asılı olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".
 
 Bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
 
Bu prosesin "Bakı 2015 - I Avropa Oyunları" ərəfəsində aparılacağına da diqqət çəkən nazir Azərbaycanda 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarında rabitə xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə artıq bir neçə texnoloji şirkətə müraciət edildiyini bildirib.
 
Ümumilikdə isə ölkədə rabitə sahəsində aparılan islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan nazir Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış "Qlobal informasiya texnologiyaları hesabatı 2014" ("The Global Information Technology Report 2014") adlı illik hesabatın nəticələrindən söz açıb.
 
O qeyd edib ki, ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən "Şəbəkələşmə hazırlığı indeksi" göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib.
 
Azərbaycanın 20-dən artıq göstərici üzrə MDB ölkələri arasında lider mövqe qazandığını vurğulayan  Ə.Abbasov xüsusən respublikamızın "Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi" reytinqində birinci yerə sahib olmasını yüksək dəyərləndirib.
 
 
Həqiqət İSABALAYEVA




06/05/14    Çap et