Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mikayıl Cabbarov: “Hazırda hər 18 şagirdə bir kompüter düşür”
Təhsil sisteminin informasiyalaşdırılması üzrə iki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdüsə, hazırda hər 18 şagirdə bir kompüter düşür. Bundan başqa, ümumtəhsil müəssisələrinin 39 faizi artıq internet şəbəkəsinə qoşulub.
Bu barədə təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Әliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışında bildirib. İlbəil təhsilə diqqətin artırıldığını deyən nazirin sözlərinə görə, son 10 ildə 2700-dən çox məktəb binası yenidən tikilib və ya əsaslı təmir olunub:
“Nəticədə 1 milyondan artıq şagirdin təlim-tədris şəraiti yaxşılaşdırılıb. Eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyə qədər 2612 gənc Dövlət Neft Fonunun ayırdığı maliyyə vəsaiti hesabına dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib”.
Həqiqət İSABALAYEVA
06/05/14 Çap et