Mark Zukerberq Madam Tüsso Muzeyində əbədiləşdiriləcək
Cari ilin iyununda Madam Tüsso Muzeyində "Facebook" sosial şəbəkəsinin direktoru Mark Zukerberqin də mum fiquru yerləşdiriləcək. Beləliklə, İT sənayesinin ən gənc və istedadlı liderinin heykəlciyi bir çox tanınmış simalarla yan-yana dayanacaq.
Sosial şəbəkələrdə yerləşdirilən eskizə görə, Mark kresloda özünəməxsus oturuşu və əlində notebook ilə mumlaşdırılıb. Məlum olduğu kimi, Zukerberq öz sərbəst və səmimi davranışı ilə ətrafdakıların simpatiyasını qazanıb. Görünür, onu notrimota köçürənlər də bu səciyyəvi xüsusiyyəti nəzərə alıb.
Qeyd edək ki, Madam Tüsso Mum Fiqurlar Muzeyi 1835-ci ildə Mariya Tüsso tərəfindən təsis edilib. Ona mum fiqurların yaradılması sənətini həkim Filip Körtis öyrədib. Deyilənlərə görə, Mariyanın anası Filip Körtisin evində işləyib. O, ustadından öyrəndikləri sayəsində artıq 1765-ci ildə ilk mum fiqurunu düzəltməyə müvəffəq olub. Maraqlıdır ki, onun ilk əl işi kral XV Lüdovikin məşuqəsi Marri Janna Dyubari olub.
Mariya daima öz üzərində işləyib və zaman keçdikcə hətta ən mötəbər qurumlardan belə sifarişlər qəbul edib. Fransa inqilabı zamanı kral ailəsinin ölümündən sonrakı maskaların düzəldilməsi ilə bağlı sifariş də bu qəbildəndir. Mariya ustadı Körtisin vəfatından sonra onun bütün mum fiqurları kolleksiyasına sahiblənib. 1835-ci ildə isə Mariya Tüsso Londonun Beyker küçəsində ilk daimi sərgi təşkil edib.
Hazırda Madam Tüsso Muzeyinin 14 şəhərdə filialı fəaliyyət göstərir: Amsterdam, Las-Veqas, Nyu-York, Los-Anceles, Honkonq, Şanxay, Vaşinqton, Vena, Berlin və sairə. Bir çox məşhurların mum heykəlcikləri isə həmin şəhərlərdəki muzeyləri bəzəyir.
Emil Hüseynov