Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” fabletlərin populyarlaşmasına səbəb olub


"AppleInsider" nəşri müxtəlif ekranlı smartfonların buraxılış tarixi ilə bağlı araşdırmasını dərc edib. Sənədə əsasən, "Apple" şirkətinin smartfonları fabletlərin populyarlaşmasına səbəb olub.
 
"AppleInsider" nəşri yazır ki, 2007-ci ildə birinci nəsil "iPhone" smartfonunun buraxılmasınadək "Samsung" və başqa şirkətlər kiçik diaqonallı ekranla təchiz edilmiş yığcam mobil telefonların istehsalını planlaşdırıblar. Məsələn, "Samsung"un daxili sənədinə əsasən, şirkət 2,8 və 3,2 düym diaqonallı qurğuların istehsal imkanını nəzərdən keçiriblər.
 
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, 2008-ci ildə "Samsung"un keçirdiyi araşdırma nəticəsində qərara alınıb ki, 3,5 düymlük "iPhone" mobil qurğular bazarında yeni standartdır. Amma mütəxəssislər tərəfindən rəyi soruşulmuş istifadəçilər o zaman üçün böyük sayılan smartfonun ölçüsü və etibarlılığı ilə bağlı öz narahatlıqlarını gizlətməyiblər. Həmçinin qeyd olunurdu ki, avropalı alıcılar (məsələn, İngiltərə və ya Fransa) kiçik ekranlı mobil qurğuları satın almaq istəyindədirlər. Amerikalılar isə əksinə, 3,5 düymlük "iPhone" smartfonunu bəyənmişdilər.
 
2009-cu ildən sonra "Samsung" və başqa istehsalçılar 3,7 düymdən böyük diaqonallı qurğuların istehsalına başlayıb. "AppleInsider" nəşri yazır ki, səbəblərdən biri 3,5 düymədək diaqonallı qurğular kateqoriyasında "Apple" ilə rəqabət aparmağın qeyri-mümkünsüzlüyü olub. Müəllif hesab edir ki, "Samsung" bu səbəbdən 7 düymlük planşetlərin istehsalına başlayıb: "Apple" 9,7 düym diaqonallı planşet bazarını ələ keçirib.
 
"iPhone" smartfonunun diaqonalı 2012-ci ilədək dəyişməyib. 2012-ci ilin sentyabrında "Apple" şirkəti 4 düym diaqonallı "iPhone 5" smartfonunu istehsal edib. Şayiələrə görə, 2014-cü ildə "Apple" 4,7-5,5 düym diaqonallı smartfonlarını nümayiş etdirəcək.
 
Emil Hüseynov
 
 
 




07/05/14    Çap et