Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın veteran rabitəçilərilə görüş keçirilib
Bu gün “Aztelekom” İstehsalat Birliyində 9 May Qələbə Günü ilə əlaqədar Azərbaycanın veteran rabitəçilərilə görüş keçirilib.
Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov nazir Əli Abbasovun təbriklərini çatdıraraq bildirib ki, Böyük Vətən müharibəsində 600 mindən çox azərbaycanlı döyüşlərə qatılıb. Onlardan 300 mindən çoxunun həlak olduğunu vurğulayan İ.Məmmədovun sözlərinə görə, Azərbaycanda o ailə tapılmaz ki, onların qohumlarından müharibədə iştirak etməsin:
“Soydaşlarımız bu müharibədə yaxından iştirak edərək və eləcə də ən ağır döyüşlərdə vuruşaraq dünya üçün böyük əhəmiyyət kəsb edən qələbənin qazanmasında böyük rol oynayıblar. Bu qələbəni kölgədə saxlamaq olmaz. Doğrudur, SSRİ dağıldıqdan sonra yaşadığımız ilk illərdə 9 May Qələbə Gününə diqqət bir qədər azalmışdı. Lakin 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bayramın əvvəlki nüfuzu bərpa olundu, veteranlarımızın əməyi yenidən ön plana çəkildi”.
Müharibə zamanı 123 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü xatırladan İ.Məmmədov əlavə edib ki, ermənilər bu məsələdə də soydaşlarımıza qarşı təxribatlar edib:
“Sonradan bəlli olur ki, mənfur qonşularımız azərbaycanlıların milli qəhrəman adını almaması üçün cəhdlər ediblər”.
Azərbaycan tarixində 9 May Qələbə Gününü kölgəyə salacaq bir hadisənin baş verdiyini, mayın 8-də Şuşanın erməni təcavüzkarları tərəfindən işğal olunduğunu vurğulayan İ.Məmmədov RYTN-in hər zaman həm Qarabağ və Böyük Vətən müharibəsi veteranlarının, həm də qaçqın və köçkünlərimizin yanında olduğunu qeyd edib.
Bundan sonra hər iki müharibədə həlak olan soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra Respublika Rabitə İşçiləri Veteranlar Şurasının sədri İsbəndiyar İbrahimli çıxış edərək bildirib ki, 1941-45-ci illərdə azərbaycanlılar həm ön cəbhədə, həm də arxa cəbhədə böyük qəhrəmanlıq göstərib. On mindən çox Azərbaycan qadını ön cəbhədə düşmənlə üz-üzə dayanıb. Onlardan bir çoxu geri dönməyib, bir qismi itkin düşüb və yaxud da həlak olub. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib: “Azərbaycanlılardan formalaşdırılmış 77-ci, 223-cü, 402-ci, 416-cı atıcı diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə hərbçimiz isə partizan dəstələrinin tərkibində vuruşub”.
İ.İbrahimli əlavə edib ki, rabitəçi veteranlar RYTN tərəfindən də daim qayğı ilə əhatə olunurlar. Qeyd edilib ki, bu günə kimi respublika üzrə 1524 rabitəçi veteran qeydə alınıb. Onlardan da 21-i Böyük Vətən müharibəsi iştirakçısıdır:
“RİTN-in 08.05.2007-ci il tarixli 17 saylı protokoluna müvafiq olaraq Böyük Vətən müharibəsi iştirakçılarının hər birinə hər ay 20 manat yardım göstərilir. Bu protokolun müvafiq bəndinə uyğun olaraq veteranların yubiley günləri qeyd edilir. Şuranın tədbirlər planına uyğun olaraq hər bayramda və eləcə də şəxsən müraciət etmiş imkansız müharibə iştirakçılarına əlavə olaraq maddi yardım göstərilir”.
Daha sonra çıxış edən veteran rabitəçilər göstərilən diqqət və qayğıya görə
təşəkkürlərini bildiriblər.
Sonda müharibə iştirakçılarına qiymətli hədiyyələr və birdəfəlik maddi yardım göstərilib.
Seymur Qasımbəyli
08/05/14 Çap et