Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ulu öndər xatirələrdə


"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə çox mühüm bir vasitədir".

Ümummilli lider Heydər Əliyev

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev istər birinci hakimiyyəti dövründə, istərsə də müstəqil Azərbaycanı bərqərar etdiyi vaxtlarda rabitə sahəsinin inkişafını diqqətdə saxlayıb və rabitəçilərə xüsusi qayğı ilə yanaşıb. Bu gün bütün azərbaycanlıların xatirəsində yaşayan ulu öndər rabitə sahəsində çalışanların da yaddaşında silinməz izlər buraxıb. Elə həyatının çox hissəsini bu sektorun inkişafına sərf edən və dahi liderlə dialoq yaratmaq şərəfinə nail olan rabitəçilərin də onun haqqında maraqlı xatirələri az deyil. "Rabitə dünyası" qəzeti olaraq Azərbaycanın qocaman rabitəçilərinin dahi rəhbərlə bağlı xatirələrini təqdim edirik:

 

 

Tofiq Ələkbərzadə, Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurasının sədr müavini, Əmək veteranı, rabitə ustası:

 

Ümummilli liderimiz, müasir Azərbaycan Respublikasının yaradıcısı mərhum prezidentimiz Heydər Əliyev haqqında xatirələr söyləmək hər birimiz üçün məsuliyyətli və şərəflidir. İlk dəfədir ki, bu xatirəni Sizinlə bölüşürəm. Mən mərkəzi Poçtda rəis vəzifəsində çalışan zaman ümummilli lider H.Əliyev ailəsi ilə yaşadığı ünvan xidmət etdiyim ərazidə yerləşirdi (indiki Zərifə Əliyeva prospekti ). O zaman Mərkəzi Кomitənin birinci katibi olan Heydər Əliyevə və onun xanımı Zərifə xanım Əliyevaya dünyanın hər yerindən gələn kitabların, qəzet, jurnal və bağlamaların vaxtında çatdırılması üçün səylə çalışmışam. Bu sadə və səmimi olan əziz insanlar biz rabitəçiləri çox istəyirdilər. Belə ki, onlara bayramlarda gələn bağlamalardan rabitəçilərə də pay verərdilər.

1978-ci ildə keçmiş rabitə naziri Nəsrulla Nəsrullayev dünyasını dəyişmişdi. Birinci Fəxri Xiyabanda keçirilən dəfn mərasimində rabitəçilərlə yanaşı, Heydər Əliyev də iştirak edirdi. Burda mən Heydər Əliyevin milli dəyərlərə, dini adət-ənənəyə nə qədər böyük diqqət göstərdiyinin şahidi oldum. Belə ki, N.Nəsrullayev dəfn olunarkən onun üzərinə bellə torpaq atırdım. Bu zaman Heydər Əliyev mənə yaxınlaşaraq torpaq atmaq istədiyini dedi. Bilirsiniz ki, bizim dini adət-ənənələrə görə, dəfn vaxtı beli əldən-ələ vermək olmaz. Gərək beli yerə qoyasan, torpaq atmaq istəyən şəxs də beli yerdən götürməlidir. Mən H.Əliyevə ehtiram əlaməti olaraq beli yerə qoymadım. Onun özünə vermək istədim. O isə buna etiraz etdi və dedi ki, "sən beli yerə qoy, mən yerdən götürüb torpaq atacam". İnanın, mən bu hadisədən çox təsirləndim.

Onun bizim adət-ənənələrə nə qədər hörmətlə yanaşdığını gördüm. Bu da ümummilli liderin yüksək keyfiyyətidir ki, dini də bu qədər dərindən bilirdi. Həmin vaxt H.Əliyev Azərbaycan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi. Bu postda kim olsaydı, bəlkə də heç vaxt "beli yerə qoy, mən onu yerdən götürüm" deməzdi. Baxmayaraq ki, birinci katib idi, vəzifəsindən, tutduğu postdan asılı olmayaraq milli adət-ənənəni öz qəlbində yenə də yaşadırdı və onlara sadiq idi. Nadir hallarda dünyaya belə şəxsiyyətlər gəlir. Amma bu gün dahi liderin layiqli davamçısı var.

Çox sevindirici haldır ki, rabitə sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Həcər İsababayeva, Sosialist Əməyi Qəhrəmanı, 9 saylı poçtun poçtalyonu:

 

Mənim Azərbaycan xalqının milli öndəri Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. 1982-ci ildə Moskvada Sovet İttifaqı Kommunist Partiyasının qurultayı кечирилди. Bu zaman Heydər Əliyev Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü seçildi. Qurultaydan sonra gəlib Sosialist Əməyi qəhrəmanları ilə görüşdü. Bizi qucaqlayıb salamlaşdı. Dedim ki, Heydər Əliyev, sizdən ayrı düşdük. Bundan sonra bir qədər də kövrəldi. Biz də ona qoşulub ağladıq. O anlar heç vaxt yadımdan çıxmaz.

Xatırlayıram, 1977-ci ildə mənə dövlət tərəfindən ev veriləndə də ümummilli liderimizin xüsusi köməyi dəymişdi. Ovaxtkı rabitə naziri Hüseyn Rəsulbəyov mənə 3 otaqlı ev vermək istəyirdi. Lakin mənim ailə üzvlərimin sayı çox idi. Görünür, Heydər Əliyev bundan xəbər tutmuşdu. Zəng edib məni yanına çağırtdırdı. Gedib girdim otağına. İçəri girəndə qalxıb mənimlə salamlaşdı. Hal-əhval tutandan sonra dedi ki, ver, baxım evin orderinə. Mən də dərhal sənədləri təqdim etdim. Baxandan sonra soruşdu ki, sənə nə üçün 3 otaqlı ev veriblər? Bilmədiyimi dedim. Bu zaman telefonu qaldırıb zəng etdi. Və mənzillərin kimə verilməsi ilə maraqlandı. Birdən dedi ki, "nə üçün 3 nəfərlik ailəyə 4 otaqlı, 7 nəfərlik ailəyə isə 3 otaqlı mənzil verirsiniz? Dərhal orderləri dəyişdirin". Dəstəyi asıb mənə dedi ki, gedin, orderinizi dəyişdirəcəklər və 4 otaqlı mənzili sizə verəcəklər. İnanın, onun bu jesti, bu addımı mənə o qədər böyük təsir etdi ki... Sözlə ifadə edə bilmirəm. Sevincimdən gözlərim yaşardı. Sonra Heydər Əliyev bildirdi ki, şəhərin başqa bir yerində 2 otaqlı mənzil də var, onu da oğlun üçün götür. Təşəkkür edib dedim ki, vallah, onu götürə bilmərəm, onu da evsizlərə, kimsəsizlərə verin. Gülümsədi. Sonra bizim nazirə zəng vurub dedi ki, "gör, nə qədər şükürlü qadındır, biz ona ev veririk, amma götürmür. Artıq olanı istəmir".

Sağollaşıb çıxdım otaqdan. Qayıtdıqdan sonra dərhal orderi dəyişdilər və 4 otaqlı mənzili mənə verdilər.

Bir xatirəm də var. İndiki Heydər Əliyev sarayında keçirilən bütün dövlət tədbirlərində Sosialist Əməyi Qəhrəmanı kimi mən də hər zaman iştirak etmişəm. Ümummilli lider özü tapşırmışdı, ona görə də tədbirlər barəsində mənə məlumat verirdilər. Bir dəfə Nikolay Konstantinoviç Baybakovun Bakıya gəlişi ilə bağlı sarayda tədbir keçirilirdi. İnanın, tədbir başlayar-başlamaz Heydər Əliyev "İsababayeva hanı? Onu tapın!" dedi. Məni Baybakova təqdim edərək dedi ki, "Moskvada da belə Sosialist Əməyi Qəhrəmanı var?!" Bu vaxtı mən hamilə idim. Utandığımdan çantamı qarnımın üstünə tutaraq hamiləliyimi gizlətməyə çalışırdım. Heydər Əliyev mənə baxan kimi sıxıldığımı anladı. Ona görə də məni vəziyyətdən çıxarmaq üçün "Qızım, nə üçün utanırsan, bu, təbiətin qanunudur. Siz xoşbəxtsiz ki, ana olacaqsız" dedi. Sonra əlavə etdi ki, nə lazım olsa, gəlim yanına. Min dəfə təşəkkür etdim ona. Onun bizimlə ünsiyyət qurması, üzümüzə gülümsəməsi bizim üçün hər şey idi. Mənə "qızım" deyə müraciət edərdi. Allah ona qəni-qəni rəhmət eləsin!

 

Rabitə ustası, əməkdar rabitəçi, "Aztelekom"da tikinti sahəsi üzrə baş direktorun müşaviri Zeynal Novruzov:

 

- Azərbaycan Respublikasında olduğu kimi, Muxtar Respublikada da rabitənin inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Naxçıvan MR Rabitə İdarəsində işlədiyim dövrdə ulu öndər rabitəni necə böyük çətinliklə saxladığımızı görür, özü də tez-tez rabitənin vəziyyəti ilə maraqlanırdı. Həmin vaxtlarda bir çox qərarlar, o cümlədən də bayrağımız, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qərarlar qəbul olundu.

Bu qanun və qərarlar Muxtar Respublikanın Ali Məclisinin sessiyalarında qəbul edilirdi və biz bəyanatlardan, böyük məzmunda qərarlardan ibarət teleqramları təcili dünyaya çatdırmalı idik. Heydər Əliyev özü şəxsən bu qanunları yazıb-işləyirdi. Bəzən gecə saat 1-2-yə qədər onun sifarişlərini çalışıb yerinə yetirirdik. O vaxt MR rabitəsi tam blokada şəraitində idi. Biz çətinlikdə qalmışdıq, səsimiz heç yana çatmırdı. Moskva ilə birbaşa kanalımız yox idi. Bakı ilə İran üzərindən məhdud sayda kanallarımız vardı ki, onlar da gah işləyir, gah işləmirdi. Orta dalğada işləyən bir radiostansiyamız da - SRV-7 vardı. Onun vasitəsilə verilişləri 7 dildə Yaxın Şərqə yayırdıq. Belə bir şəraitdə böyük məzmunlu teleqramları özümüz əldə Naxçıvanda hazırlamağa, yəni perferasiya etməyə məcbur idik. Naxçıvanda onları göndərmək qeyri-mümkün idi. Teleqramlar efirlə gəlirdi, böyük mətndə göndərildiyinə görə mətnin ortasında maneə getdisə, o pozulur, yenidən göndərmək lazım gəlirdi. Ona görə də onları gecə təyyarə ilə Bakıya gətirirdik, buradan ünvanlarına yayılırdı. Bir dəfə ulu öndər məndən soruşdu: "Zeynal, ola bilər, problem yaranıb bunlar ünvanlarına gedib çatmasın?" Dedim, yox, hamısı çatır. Düzdür, o vaxt bunlara yuxarı rəhbərlik tərəfindən çox qısqanc yanaşırdılar. Amma ovaxtkı Mərkəzi Teleqrafın rəisi Sabirə Ağarzayeva sağ olsun, onun köməkliyi ilə teleqramların çatdırılmasına nail olurduq. Teleqramların göndərilməsində problemimiz heç vaxt olmadı. Göndərirdik, görürdük ki, cəhdimiz dəfələrlə boşa çıxır. Məcbur olub, son variant kimi onları Bakıdan göndərmək yolunu seçdik. Təxminən bir il, ilyarıma yaxın bu yolla işlədik. Sonra ulu öndərin Türkiyədə Süleyman Dəmirəllə keçirilən görüşlərində rabitənin inkişafına da ciddi diqqət yetirildi. Özü də rabitənin vəziyyətinin ağır olmasını görüb, hər cür yardım etməyə çalışırdı. Naxçıvanın ümumi vəziyyətinin yaxşılaşdırılması, inkişafı üçün ulu öndərin nüfuzu sayəsində Türkiyədən cəmi 100 milyon dollarlıq kredit alınmışdı. Mən işlədiyimiz layihələrlə bağlı dəfələrlə onun yanında olmuşam. Rabitə sahəsi ilə bağlı işlədiyimiz layihəni yanına aparanda baxdı ki, layihə xərcləri təxminən 19 milyon dollardır. Dedi ki, "Zeynal, sən Naxçıvan əhalisini ac qoymaq istəyirsən? Bu layihəyə 20 milyon ayrılsa, bəs camaat nə yesin? Get, layihəni yenidən işlə". İkinci variantda layihə üçün tələb olunan xərclər təxminən 9,5 milyon dollara çatdı. Qəbul edib: "Bunu həyata keçirmək olar"- dedi. Düzdür, Süleyman Dəmirəllə ulu öndərin razılığa gəldikləri kredit layihəsini həyata keçirə bilmədik, çünki biz hər şeyi hazır edəndə Turqut Özal rəhmətə getdi. Kredit ayrılsa da, bu proseslərlə bağlı vəsait istifadəyə açıq deyildi. Ərzaq yardımı gəlirdi, amma sosial məsələlərin inkişafı üçüн ayrılan kredit dayandırılmışdı. 1 ildən sonra Heydər Əliyev məsələni yenidən qaldırdı və müqavilələrin imzalanmasına başlandı. Bu ərəfədə isə ulu öndər xalqın tələbi ilə Bakıya gəldi. Ulu öndərin Bakıya gəlişindən sonra mən iki dəfə ona müraciət etdim. Dedi ki: "Tələsməyin, mən özüm Naxçıvan rabitəsinin vəziyyətini anlayıram, amma burada o qədər həll olunmalı problemlərimiz var ki. Onlar həll olunsun, Naxçıvanla da məşğul olacağıq". Doğrudan da, ulu öndər bunu yaddan çıxarmadı. Prezident olarkən ilk növbədə Naxçıvan rabitəsinin inkişafı ilə bağlı tenderin keçirilməsi üçün göstəriş verdi və Muxtar Respublikanın başdan-başa yeniləşdirilməsinə başlandı, qısa vaxt ərzində MR-nın rabitəsi MDB ölkələri arasında birinci olaraq tam elektronlaşdırılıb.

Bir dəfə də Heydər Əliyev Naxçıvanda Ali Sovetin sədri olduğu vaxtlarda bizə Naxçıvanın markasını buraxmaq üçün Fransadan qonaqlar gəldilər. Ulu öndər özü zəng edib tapşırdı ki, "Zeynal, onları qəbul edin, nə lazımdırsa, həll edin". Qonaqlar Muxtar Respublikanın tarixi abidələri ilə bağlı bir neçə şəkil topladılar. Razılığa gəldik ki, ulu öndərin markasını da buraxaq. Müqavilə imzaladıq, fransızlar heç bir vəsait xərcləmədən markaları çap etdirdilər. Markalar gətiriləndə ulu öndər İranda səfərdə idi. Səfər bir neçə gün sürdüyü üçün markalarla bağlı təqdimat keçirməli olduq. Fransız qonaqlarla yerli Naxçıvan televiziyasına çıxdıq, markanı nümayiş etdirdik. Markaya o vaxt 5 manat qiymət qoydular və fransızlar təxminən 150-yə yaxın markanı Fransaya aparıb dünyaya yaymaq üçün bizdən götürdülər. Adi markaları da satışa verdik. Rabitənin ağır vaxtı olduğu üçün biz də sevinirdik ki, gəlir gələcək. Televiziyada çıxışımızdan sonra sevinə-sevinə markaların hərəsindən 4 ədəd ozamankı rabitə naziri Siruz Abasbəyliyə və müavinlərinə göndərdim. Markaları alandan sonra aləm bir-birinə qarışdı, mənə zənglər gəldi ki, nə ixtiyarla marka buraxmısan. Markanın qanuna minməsi üçün ozamankı mərkəzi qəzetlərdə mütləq bu barədə informasiyalar getməli idi və sonra filatelistlər tərəfindən qəbul olunurdu. Markalar o vaxt "Komsomolskaya pravda", "İzvestiya", eləcə də Bakıda bir neçə qəzetdə çıxdı və ovaxtkı Rabitə Nazirliyinin rəhbərliyi tərəfindən markaların Bakıya göndərilməsini istədilər. Bir müddət keçəndən sonra Siruz Abasbəyli tərəfindən blokların 100-ü geri göndərildi. Bilirəm ki, bu da Naxçıvan tarixində ilk və axırıncı marka olacaq. Amma Heydər Əliyev markaların çıxmasını yüksək qiymətləndirdi.

Bir faktı da deyim. O vaxt yanacaq olmadığından əhali soyuqdan qorunmaq üçün rabitə dirəklərini kütləvi surətdə kəsib aparırdı. Muxtar Respublikanın Ali Məclisinin sessiyalarında da bu məsələ qaldırılmışdı və ulu öndər buna çox ciddi yanaşırdı. Bu ərəfədə Naxçıvana gələn S.Abasbəylini və məni qəbul elədi. S.Abasbəyli dedi ki, burada rabitə dirəklərini qırırlar, yandırırlar. Ulu öndər cavabında: "Siruz, sən deyirsən, xalqın övladları soyuqdan donsun-ölsün, sizin dirəkləri kəsməsinlər? Siz yerinə dirək tapıb qoya bilərsiniz, amma sətəlcəm olan uşaqları sağaltmaq, onların əvəzini vermək qeyri-mümkündür"- dedi. Amma sessiyada isə bununla bağlı çox ciddi tədbir görülməsinə tapşırıq verdi. Bir dəfə də Naxçıvanda enerji qıtlığının yaşandığı dövrdə İrandan ötürüləcək əlavə enerji üçün yarımstansiyanın açılışı idi. Tədbirin keçiriləcəyi yerdə mikrofonlar quraşdırmalı idik. Oktyabr-noyabr aylarının soyuq günləri idi. Çalışdıq ki, səhər açılmamış erkən gedib quraşdıraq. Gedib gördük ki, tədbirin vaxtına 4-5 saat qalmasına baxmayaraq, Heydər Əliyev orada gəzişir. Çox dəqiq, maraqlı, sadə insan idi, xalqını çox sevirdi. İşinin öhdəsindən gələn adamlara xüsusi diqqətlə yanaşardı.

 

"Azərpoçt" MMC-nin 1 saylı poçt filialının baş mütəxəssisi, YAP-ın ilk təşkilatının sədri, rabitə ustası Elmira Əliyeva:

 

- YAP-ın ilk təşkilatının sədri kimi, 1990-1993-cü illərdə onunla bir şəhərdə yaşamış, eyni dövrdə işləmiş və qonşu binalarda yaşamış ümummilli liderimiz Heydər Əliyev cənabları haqda, az da olsa, mənim də danışmağa haqqım var. Düzdür, onun haqqında danışmaq çox məsuliyyətlidir. Lakin buna baxmayaraq, mən də gördüklərimdən və bildiklərimdən oxucularımızın nəzərinə çatdırmağı özümə borc bilirəm. Bildiyiniz kimi, o dövrdə Azərbaycan rəhbərliyi tərəfindən Naxçıvan MR-ya hərtərəfli çətinliklər yaradılırdı, o cümlədən rabitə sahəsində də böyük maneələr var idi. Ermənilər tərəfindən Batabat teleqülləsinin dağıdılması, dəmiryolunun bağlanması Naxçıvanda informasiya blokadasının yaranmasına səbəb olmuşdur. Naxçıvan əhalisi respublikada gedən siyasi-ictimai proseslərdən məlumat ala bilmirdilər. Müvafiq təşkilatlara dəfələrlə deyilməsinə baxmayaraq, heç bir tədbir görülmürdü. 1992-ci il 25 iyulda Ali Məclisin Rəyasət Heyətinin iclasının qərarı çıxarılaraq, müvafiq təşkilatlara göndərilir. Ali Məclisin sədri Naxçıvanda yaranan çətinlikləri aradan qaldırmaq üçün daim çalışır, qonşu dövlətlərlə əlaqə yaradırdı. Naxçıvan əhalisinin vəziyyətini yaxşılaşdırmaq üçün Heydər Əliyev ilk növbədə qardaş Türkiyə və İran dövlətləri ilə qarşılıqlı əlaqəyə girib, bütün sahələr üzrə əhaliyə və respublikaya müvafiq imkanlar yaradırdı. Bir faktı da qeyd edim, Heydər Əliyev 1991-ci ildə Ali Məclisə sədr seçilməsi münasibətilə biz onun poçt marka blokunun müxtəlif kanallarla buraxılmasını təmin etdik, lakin Azərbaycanın ovaxtkı rəhbərliyi bizə çoxlu təzyiqlər etdilər. Bir sözlə, harada işləməsindən asılı olmayaraq, Heydər Əliyev həmişə öz xalqı üçün çalışmışdır".

 

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktorunun müavini Xankişi Kişiyev:

 

- Ümummilli liderimiz Qərb dövlətləri ilə "Əsrin müqaviləsi"ni imzaladıqdan sonra ölkədə neft sənayesi və digər sahələrlə yanaşı, telekommunikasiya da sürətlə inkişaf etdi. Bu baxımdan Azərbaycan-İngiltərə birgə əməkdaşlığına aid bir nümunəni misal gətirmək istərdim. O dövrdə Heydər Əliyev İngiltərənin baş naziri Con Meyesorla protokol imzaladı. Bu protokolda telekommunikasiya sahəsində fəaliyyət göstərəcək Azərbaycan-İngiltərə birgə müəssisəsinin (BM) yaradılması nəzərdə tutulurdu. Bu məqsədlə də Böyük Britaniyanın "Ci-Bi-Ti" telekommunikasiya şirkəti Azərbaycana investisiya qoymalı idi. Lakin bu layihəyə aid bir məsələ barədə çox ciddi müzakirələr aparıldı. Məsələnin kökündə ingilislərin bir istəyi dayanırdı. Onlar istəyirdilər ki, yaradılacaq BM-dəki ATS birbaşa İngiltərənin telekommunikasiya şəbəkəsinə qoşulsun. Təbii ki, bu, ölkəmizin mənafeyinə uyğun deyildi. Məsələ ölkə prezidenti Heydər Əliyevin yanında geniş müzakirə edildi. Müşavirəyə çox az adam çağırılmışdı. "Ci-Bi-Ti"-nin prezidenti və ayrı nümayəndəsi, İngiltərənin ölkəmizdəki ovaxtkı səfiri, Azərbaycan tərəfindən isə baş nazir Fuad Quliyev, Azərbaycanın İngiltərədəki səfiri, rabitə naziri Siruz Abasbəyli, BTRİB-in rəisi Nuru Əhmədov və bir mütəxəssis kimi mən də iştirak edirdim. Ulu öndər məsələyə çox ciddi yanaşdı. Müşavirədə iştirak edənlərin hamısının stansiya haqqındakı fikrini öyrəndi. Rabitə naziri Siruz Abasbəyli prezidentə stansiya barədə geniş məlumat verdi. Geniş diskussiya aparıldı. Prezident İngiltərənin səfirinə dedi ki, "Siz cənab Meyesora çatdırın ki, BM-də hər iki tərəfin iqtisadi marağı 50-50-yə nisbətində olması imzalanmış protokolda nəzərdə tutulub. O ki qaldı digər məsələyə, stansiya Azərbaycanda qurulub, müstəqil dövlətindir, Azərbaycan telekommunikasiya şəbəkəsinin tərkib hissəsidir. Yəni Azərbaycanın ünvanı özünün müstəqil -994 koduyla yığılmalıdır". Ulu öndərin bu məsələdəki kəskin mövqeyindən kimliyindən asılı olmayaraq hər kəsə bəlli oldu ki, Azərbaycanın müstəqilliyinə xələl gətirən kiçicik də addım atılmasına imkan verilməyəcək.

- Ümumiyyətlə, Heydər Əliyev lazımi məqamlarda sərt mövqe, ciddi xarakter nümayiş etdirsə də, xatirələrdə qalan zarafatları da var. 1993-cü ilin 28 dekabrında Heydər Əliyev Sumqayıtda Türkiyənin "Teletaş" firması tərəfindən quraşdırılmış telefon stansiyasının açılışında iştirak edirdi. Mən də o açılışda idim. "Teletaş"a bazarda rəqib hesab edilən Türkiyənin "Netaş" şirkətinin nümayəndəsi də tədbirə dəvət olunmuşdu. "Netaş"ın əməkdaşı təxminən 1990-92-ci illərdə Heydər Əliyev Naxçıvanın Ali Sovetinin sədri olanda bir dəfə yanında olmuşdu. Amma ulu öndərin yaddaşında hər şey o qədər dəqiqliklə həkk olunurdu ki, yenidən onu Sumqayıtda görəndə adı ilə xatırlayıb zarafatla dedi: "Siz axı, "Netaş"ın nümayəndəsisiniz, stansiyanı isə "Teletaş" quraşdırıb. Siz rəqibsiniz, burada neynəyirsiniz?" Bu zarafatı ətrafdakılarda gülüş doğurdu, eyni zamanda bu zarafat onun iti məntiqi, fenomen yaddaşının təcəssümü idi. Həmin stansiyanın açılışında Heydər Əliyev Türkiyə prezidenti Süleyman Dəmirəllə birbaşa telefon əlaqəsi də yaratdı.

- Ulu öndər insanlara qarşı həm də çox diqqətli idi, həssaslıqla yanaşırdı. Azərbaycan Elmlər Akademiyasının prezidenti Həsən Abdullayev rəhmətə getmişdi. Ulu öndər akademikin ailəsinə, həyat yoldaşına başsağlığı vermək üçün şəxsən özü zəng edir, amma nə qədər zəng etsə də, telefon cavab vermir. Buna görə Prezident iqamətgahının rəisi Adil Bağırov mənə zəng elədi və mən dərhal rəisə məruzə etdim, qovşağın rəisinə zəng etdim, bir sözlə, hamını ayağa qaldırdım. Məlum oldu ki, xətlər qırılıbmış. Bərpa olunandan sonra dərhal Adil müəllimə məruzə etdim. Başsağlığı üçün işi kimə isə həvalə etməyib, şəxsən özünün telefon açması - bu da ulu öndərin böyüklüyünü, həssaslığını, sadəliyini göstərir. Yəni əvvəlcədən köməkçisinə də deyə bilərdi ki, məni filankəslə birləşdirin, amma o özü birbaşa zəng etməyi daha üstün tuturdu.

 

Həqiqət İsabalayeva

Seymur Qasımbəyli






10/05/14    Çap et