Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qubada “DVB-T2” standartlı yayıma başlanılması münasibətilə tədbir keçirilib


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Qubanın Dağlı radio-televiziya yayım stansiyasında "DVB-T2" standartlı kommersiya televiziya yayımına başlayıb.
 
 "Teleradio"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, stansiyada yeni baş stansiya avadanlıqları və monitorinq sistemi, həmçinin, verici zalındakı yeni qurğular qurulub.
 
Quba rayonunda yerləşən Quba radio-televiziya yayım stansiyası  (RTYS) 2013-cü ildə istismara verilib. Həmin vaxt yeni texniki bina inşa edilib, stansiya ərazisində 73 metrlik  metal qüllə və müvafiq antena-fider sistemləri qurulub.
 
Radio və televiziya yayım avadanlıqlarının  fasiləsiz işinin təmin olunması üçün stansiyada əlavə yeni "Aksa" markalı 145 kVA-lıq avtomatik rejimdə işləyən dizel generatoru, 120 kVA-lıq stabilizator  və 100 kVA-lıq şəbəkə transformatoru  istismara verilib. Stansiya ərazisi abadlaşdırılıb, işıqlandırma sistemi qurulub və müasir tipli yanğından mühafizə sistemi istismara verilib.
 
Hazırda, Quba  RTYS-dən 3 dövlət ("AzTV", "İdman Azərbaycan", "Mədəniyyət TV"),  1 ictimai ("İTV"), 2 özəl ( "ATV", "Xəzər TV"), 1 regional ("Region TV") olmaqla, 7 analoq TV  proqram,  6 FM  ("Xəzər FM", "Media FM", "Anten  FM","ATV FM",  "Araz FM", "Bürc FM") radio proqramı yayımlanır ki,  bu da Quba və ətraf Qusar, Xaçmaz, Şabran və digər rayonların əhalisini keyfiyyətli TV və FM yayımı ilə təmin edir.
 
2013-cü ildə quraşdırılan Yaponiyanın "NEC"  şirkətinin istehsalı olan 1600 Vt-lıq DVB-T rəqəmli verici vasitəsilə, Quba və qeyd olunan  ətraf ərazilərin  əhalisi  rəqəmli televiziya yayımı ilə (AzTV", "İdman Azərbaycan", "Mədəniyyət TV", "İTV", "ANS", "Lider TV", "Space TV", "ATV", "Xəzər TV", "TRT1")  təmin olunub.
 
 Rəqəmli TV yayım əhatəsinin genişləndirilməsi məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tədbirlər Planına uyğun olaraq, Quba və ətraf ərazilərin əhalisinin çoxproqramlı keyfiyyətli kommersiya rəqəmli televiziya yayım xidməti ilə təmini təşkil edilib. Nəticədə, əhali yerli və xarici olmaqla, 90-dan çox müxtəlif növ televiziya proqramını izləmək şansı əldə edib.
 
Bunun üçün Quba Telekommunikasiya Qovşağından Qubanın Dağlı stansiyasına yeni fiber-optik xətt çəkilmiş, baş stansiyada Amerikanın "Harmonic" şirkətinin avadanlıqları qurulmuş və Ukraynanın "Kvant-Efir" şirkətinin 4 ədəd 1,2 kVt-lıq DVB-T2 vericisi ilə yayım təmin olunmuşdur. Yayım zamanı İsveçin "CryptoGuard" kodlama vasitəsindən istifadə edilir. Hazırda, TV paket yayımları 28-ci, 33-cü, 56-cı və 60-cı televiziya kanallarından həyata keçirilir.
 
 Qeyd edək ki, çoxproqramlı rəqəmli televiziya yayım xidmətinə qoşulmaq istəyən vətəndaşlar müvafiq qəbuledici qurğuları istənilən elektronika mağazalarından əldə edə bilərlər. Məlumat üçün o da bildirilib ki, xidmətin aylıq ödəniş haqqı 6 manat təşkil edir.    

Aynur Vəliyeva




12/05/14    Çap et