Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda işlənmiş texnologiya əsasında torpaqları neftdən təmizləmək üçün yüksək məhsuldarlığa malik qurğu yaratmaq olar
Azərbaycanda işlənmiş texnologiya əsasında neftlə çirklənmiş torpaqları təmizləmək üçün yüksək məhsuldarlığa malik stasionar qurğu yaratmaq olar. Belə ki, AMEA-nın Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatı Xüsusi Konstruktor Texnoloji Bürosu (MXKE Tİ XKTB) tərəfindən aparılmış elmi tədqiqat və təcrübi konstruktor işləri əsasında təcrübi miqyasda Abşeron yarımadasının neft şlamları və neftlə çirklənmiş torpaq qruntları neftdən təmizləmə texnologiyası təşkil edilib.
AMEA Elmi İnnovasiyalar Mərkəzindən bildirilib ki, sözügedən texnologiya 1997-cı ildə ARDNŞ, 2001-ci ildə isə Avropa Birliyinin TACİS Proqramı çərçivəsində Fransanın Neft İnstitutu (Layihə EAZ 9801) tərəfindən sınaqdan uğurla çıxıb:
“Aparılmış sınaqların nəticələri göstərib ki, AMEA MXKE Tİ XKTB tərəfindən neft şlamları və neftlə çirklənmiş torpaq qruntları təmizləmə texnologiyası istənilən xarakteristikalı üzvi və mineral fazalı süxurdan neftin yüksək dərəcədə -ən azı 98-99 % çıxarılmasını təmin edir, texnologiya ekoloji təmizdir və istehsal texnoloji dövriyyə suyunu qismən təkrar istifadə etməklə tullantısızdır. TACIS Proqramının və Fransanın Neft İnstitutunun mütəxəssisləri tərəfindən ekstrapolyasiya yolu ilə məhsuldarlığı 100 t/saat olan qurğu üçün apardıqları hesablamalara görə, 1 ton neftlə çirklənmiş torpağın təmizlənməsinə çəkilən məsrəf ~ 13 ABŞ dolları (10.14 manat) təşkil edir. İşlənmiş texnologiya əsasında neftlə çirklənmiş torpaqları təmizləmək üçün məhsuldarlığı saatda 5, 10, 30 və daha çox ton süxur emal edə bilən stasionar qurğu yaratmaq olar. Texnologiya Azərbaycan Respublikası və Avrasiya (EAPO) Patentləri ilə müdafiə olunub”.
Abşeron yarımadasının neft şlamları və neftlə çirklənmiş torpaq qruntlarının təmizlənməsinin sənaye istehsalını yaratmaq üçün AMEA MXKE Tİ XKTB tərəfindən hazırlanmış texnologiyadan istifadə etməklə təcrübi qurğuda alınmış nəticələrin sənaye miqyasına transformasiya etmək məqsədilə məhsuldarlığı 600 ton/sutka olan qurğunun təxmini texniki iqtisadi göstəriciləri hazırlanaraq müzakirə üçün təqdim edilib: “AMEA MXKE Tİ XKTB tərəfindən təklif olunan İş Planına əsasən sənaye qurğusunun yaradılması, sınaqdan çıxarılması və təhvil verilməsi üç mərhələdə nəzərdə tutulur. Hesablamalara istinadən sənaye qurğusunun dəyəri ~2.3 milyon manat təşkil edəcək ki, bu da dünya praktikasında mövcud olan analoji qurğuların dəyərindən təxminən iki dəfə azdır”.
Qeyd edək ki, texnologiya ilə bağlı yaranan suallar və ya bu sahəyə sərmayə qoyulması ilə bağlı müraciətləri Elmi İnnovasiyalar Mərkəzinə təqdim etmək olar.
Həqiqət İSABALAYEVA
13/05/14 Çap et