Azərbaycan Rumıniyada keçirilən “İnfomatrix” beynəlxalq yarışmasında “Qızıl medal” qazandı
Qafqaz Universiteti (QU) İKT Elmi Tədqiqat Mərkəzinin "Robototexnika" qrupunun yaratdığı "QUsumo" komandası 8-12 May 2014-cü il tarixlərində Ruminiyada keçirilən "İnfomatrix" beynəlxalq yarışmasına qatılıb. Yarışmaya müxtəlif ölkələrdən çox sayda komanda qatılıb.
"QUsumo" komandasının hazırladığı LEGOSUMO yapon güləş robotu bütün komandaların robotlarını məğlub edib və "Qızıl medal"a layiq görülüb. Universitetdən qeyd edilib ki, QU-da "Kompüter mühəndisliyi" ixtisasında təhsil alan Əsəd Məmmədov və Tərlan Bakirli adlı iki tələbəmizin iştirak etdiyi bu olimpiada robot sahəsində dünyada ən nüfuzlu olimpiada hesab edilir: "Bu uğur təkcə universitetimizin deyil, Azərbaycan təhsilinin, elminin, bir sözlə, gündən-günə hər sahədə inkişaf edən ölkəmizin uğurudur. Olimpiada dünyada zonalar üzrə 5 ölkədə təşkil olunur və dərəcəyə daxil olan komandalar finala vəsiqə qazanır".
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi (
www.ictsrcqu.org) 2010-cu ildən etibarən Qafqaz Universiteti nəzdində fəaliyyət göstərməkdədir. İKT Elmi Tədqiqat Mərkəzinin iş prinsipi İKT sahəsində araşdırmalar aparmaq, dünya təcrübəsini öyrənmək, ölkəmizdə tətbiq etmək üçün layihələr və elmi tədqiqat işləri hazırlamaqdan ibarətdir. İKT Elmi Tədqiqat Mərkəzinin 2012-ci ilin başlanğıcından güc verdiyi sahələrdən biri də "Robototexnika" və "Süni İntellekt"dir.
Bu sahənin inkişafı üçün İKT Elmi Tədqiqat Mərkəzində "Robotics & Süni İntellekt" elmi tədqiqat qrupları yaradılıb. Bundan başqa, mərkəz respublikada ilk dəfə olaraq robotlar üzərində olimpiada keçirtmək və elmi tədqiqat işi aparmaq üçün 25 ədəd "LEGO NXT" robototexnika alıb. İKT Mərkəzinin tədqiqat apardığı digər sahələr isə elektron dövlət, elektron ticarət, elektron idarəetmə, İT layihələrin idarəedilməsi, İT konsaltinq və s. İKT yönümlü sahələrdir.
Həqiqət İSABALAYEVA