Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlk dəfə olaraq imtahan binalarında mobil telefon və digər rabitə qurğularını avtomatik aşkarlayan sistem tətbiq ediləcək
2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesində şəffaflığın və yüksək təhlükəsizliyin təmin olunması məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yeniliyin tətbiqinə başlayır.
Belə ki, builki qəbul imtahanlarında TQDK ilk dəfə olaraq, imtahan binalarında mobil telefon və digər rabitə qurğularını avtomatik aşkar edən sistem tətbiq edəcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə TQDK-da keçirilən mətbuat konfransında məlumat verib.
Sədr qeyd edib ki, imtahan iştirakçılarından kimsə qeyd olunan qurğulardan hər hansı birini aktiv edərsə, sistemin köməyi ilə onun yerləşdiyi otağı dəqiqliklə müəyyən etmək mümkün olacaq. İmtahan binalarına buraxılış rejimində abituriyentlərin ciddi şəkildə yoxlamadan keçdiklərini bir daha xatırladan M.Abbaszadə hesab edir ki, bu baxımdan köməkçi vasitələri imtahan binasına keçirmək, demək olar ki, mümkün deyil. Belə bir hal baş verəcəyi təqdirdə isə imtahan iştirakçısı ilə bağlı müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, “Abituriyentin yaddaş kitabçası”nda qeyd edildiyi kimi, imtahana mobil telefon, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunur, onların imtahan sənədləri
alınır və imtahan binasına buraxılmırlar.
Həqiqət İSABALAYEVA
15/05/14 Çap et