Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan beynəlxalq kibertəhlükəsizlik konfransında təmsil olunub
Türkiyənin İstanbul şəhərində 15 ölkənin iştirakı ilə kibertəhlükəsizlik mövzusunda keçirilmiş beynəlxalq konfransda Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Cari ilin 15-16 may tarixlərində baş tutmuş tədbirdə iştirakçı ölkələrlə yanaşı, Türkiyədə fəaliyyət göstərən ictimai qurum və təşkilatlar, administratorlar və qeyri-hökumət təşkilatları bir araya gəliblər. Tədbirin əsas təşkilatçılarından olan Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatının sədri Tayfun Acarer çıxışında kibertəhdidlərlə mübarizədə beynəlxalq əməkdaşlığın böyük əhəmiyyət daşıdığını ifadə edib.
Qeyd edək ki, konfransın ilk günündə “Ədliyyə İnformasiya və İstintaq”, “Mobil Təhlükəsizlik” və “Kibertəhlükəsizlikdə Standartlaşdırma” mövzularında xüsusi təqdimatlar gerçəkləşib. Konfransın ikinci günündə isə müxtəlif ölkələri təmsil edən texniki nümayəndələr - kiberproseslərə müdaxilə qrupları (CERT ) öz bacarıqlarını və təcrübələrini nümayiş etdiriblər. Belə ki, kiberhadisələrə müdaxilə qrupları tərəfindən yazılı mesajlarda olan kiberssenarilərə cavablar verilməsi şəklində manevrlər reallaşdırılıb. Tədbirin bu hissəsində Azərbaycandan olan nümayəndə heyəti xüsusi aktivlik göstərərək uğurlu nəticələr əldə edib. Nümayəndə heyətimiz göstərdiyi nəticələrə görə sertifikatlar və tədbirin xüsusi mükafatı ilə təltif olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktoru F.Fərmanovun sözlərinə görə, bu tədbir kibertəhlükəsizlikdə beynəlxalq əməkdaşlığın artırılması məqsədilə ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.
HƏQİQƏT
19/05/14 Çap et