Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət xətti ilə təhsil alan azərbaycanlılar daha çox İKT, iqtisadiyyat, mühəndislik və digər sahələrə üstünlük verirlər


Dövlət Proqramı və dövlət xətti çərçivəsində azərbaycanlı tələbələrin ən çox təhsil almaq hüququ qazandığı ixtisaslara informasiya-kommunikasiya texnologiyaları tibb, iqtisadiyyat, sosial və humanitar elmlər, mühəndislik, idarəetmə, turizm, neft sənayesi və s. aiddir. Azərbaycanda təhsil alan əcnəbi vətəndaşlar daha çox tibb, memarlıq, neft, iqtisadiyyat və humanitar ixtisaslara üstünlük verirlər.
 
 Təhsil Nazirliyindən bildirilib ki, xaricdə dövlət hesabına təhsil “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və ikitərəfli hökumətlərarası çərçivəsində müqavilələr (dövlət xətti) əsasında həyata keçirilir.
 
 
Dövlət Proqramı və dövlət xətti çərçivəsində azərbaycanlı tələbələrin ən çox təhsil almaq hüququ qazandığı ölkələrə, əsasən Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Rusiya Federasiyası, Fransa, Niderland Krallığı, ABŞ, İsveçrə, Avstraliya və Çin aiddir.
 
 
Nazirlikdən o da qeyd edilib ki, Azərbaycan ali təhsil müəssisələrində əcnəbi vətəndaşlara yaradılan şərait Azərbaycan vətəndaşlarına yaradılan şəraitlə eyni səviyyədədir. Onların ali təhsil müəssisəsinin kitabxana, idman kompleksi, tibbi və digər xidmətlərdən istifadə etmək hüquqları var.
 
 
Həqiqət İSABALAYEVA




20/05/14    Çap et